İyun ayında "qara qızıl"ın qiymətində eniş gözlənilir
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,72 dollar və yaxud 1,02 faiz artıb. Birjalarda "Azeri Light” markalı neftin bir barelinin qiyməti71,51 dollar təşkil edib. Ümumiyyətlə, son zamanlarda neftin qiymət dinamikası dəyişkən hərəkət edir. Demək olar ki, qiymətlərdə stabillik müşahidə olunmur.
Maraqlıdır, "qara qızıl”ın qiymətindəki dəyişikliklər nə ilə bağlıdır? Və ya yaxın vaxtlarda neftin qiymət trendi hansı xətt üzrə davam edəcək?
Suallarımızı cavablandıran Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban "Sherg.az”a bildirib ki, irəliləyən dövrdə neftin bir bareli 65-70 dollar civarında olacaq:
"Fikrimcə, neftin qiymətinin 65-70 dollar civarından aşağı düşməsinə səbəb olan heç bir amil yoxdur. Çünki bu ərəfələr Venesuelada neft istehsalının həcmi ciddi şəkildə azalıb. Cənubi Amerika ölkəsində istehsal bir milyon bareldən aşağı düşüb.
Amma dörd il bundan əvvəl Venesuelada gündəlik neft istehsalının həcmi 2,4 milyon barel təşkil edirdi.
İkinci bir tərəfdən Liviyada etnik münaqişə davam edir. Bu halın da bazara müsbət təsiri ola bilər. Eyni zamanda OPEK-in əsas ölkəsi Səudiyyə Ərəbistanı aprel ayından başlayaraq hasilat həcmlərini azaldır. Həmçinin ABŞ-da iki həftədir neft istehsalında azalma müşahidə olunur. Bütün bu amillər neft qiymətlərinə "qırdırıcı” təsir göstərir”.
İ.Şaban onu da söyləyib ki, hazırda neftə tələb mövsümi xarakter daşıyır:
"Yəni yaxın vaxtlarda temperatur qalxdıqca, neftə olan tələbat azalacaq. Eyni zamanda Dünya Bankı yeni proqnozlarında inkişaf etmiş dövlətlərdə iqtisadi artımdan dolayı enerjiyə olan tələbatın azalmasını bildirir. Neftə tələbatın azalması yaxın vaxtlarda, yəni iyun ayında "qara qızıl”ın qiymətinin enməsinə səbəb olacaq”.
Kənan Eynuroğlu