Rus təyyarəsinin texniki nasazlıq ucbatından qəzaya uğraması daha məntiqli yanaşmadır
Rusiyaya məxsus "An-26” təyyarəsinin Suriyada qəzaya uğraması ilə bağlı məsuliyyəti "Ceyş əl-İslam” adlı terror qruplaşması öz üzərinə götürüb.
Livanın "Ad-Diyar” nəşrinin məlumatına görə, terrorçular eniş etməyə hazırlaşan təyyarəyə 100 metr məsafədən pulemyotla atəş açıblar. Qruplaşmanın bəyanatında deyilib ki, Moskvanın dəstək verdiyi Əsəd qüvvələrinin Şərqi Qutada apardığı əməliyyatlara cavab olaraq rus təyyarəsi hədəf alınıb.
Məlumat üçün bildirək ki, martın 6-da qəzaya uğrayan təyyarədə 39 nəfər həyatını itirib. Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini vurğulayan Rusiya rəsmiləri təyyarənin terrorçular tərəfindən vurulması iddiasını rədd ediblər.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, terrorçu qruplaşmanın təyyarənin vurulmasını öz üzərinə götürməsi bir qədər gecikmiş və inandırıcı olmayan açıqlamadır. Ekspertin fikrincə, rus təyyarəsinin texniki nasazlıq ucbatından qəzaya uğraması daha məntiqli yanaşmadır:
"Təyyarə olayını incələyəndə bunun qəza olduğunu görmək mümkündür. Məsələ ondadır ki, Rusiyaya düşmən olan, Amerikanın təsir dairəsində qalan qüvvələr ortaq şəkildə anti-Rusiya proqramını həyata keçirirlər. Məqsəd Moskvanın "güclü mərkəz” imicini zəiflətməkdir. Rusiyaya qarşı proseslər qara piar səviyyəsində aparılır. İndiyə kimi dəfələrlə şahidi olmuşuq ki, bir neçə təyyarə qəzasını müxtəlif terror qruplaşmaları öz üzərinə götürüblər.
Amma sonradan bunun yalan olduğu ortaya çıxıb. Söhbət ondan gedir ki, dağıdıcı proqramı həyata keçirən qüvvələr Rusiyaya dünyanın istənilən bölgəsində təzyiq göstərmək, zərbə vurmaq imkanına sahib olduqlarını göstərməyə çalışırlar. Hələlik tərəflər arasında baş verənlər sadəcə informasiya üzərindən aparılan təbliğatdır.
Qərb dünyası və Rusiya biri-birinin mövqelərini zəiflətməyə səy göstərirlər. Terror təhdidi ilə Rusiyanı Yaxın Şərqdən tamamilə sıxışdırıb çıxartmaq istəyirlər. Ancaq bu, mümkün deyil. Bölgədə nəhənglərin qarşıdurması davam edəcək, çünki regionda maraqları olan tərəflərin məqsədləri tamamilə biri-birinə ziddir”.
İsmayıl