"DİM sədri testin ləğvindən deyil, iki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarına dəyişikliklər edilməsindən danışıb”.
Bunu "Sherg.az”a test imtahanlarının təkmilləşdirilməsindən danışarkən "XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev deyib. Ekspert bildirib ki, Məleykə Abbaszadənin fikirləri təhrif olunub:
"Dövlət İmtahan Mərkəzinin (DİM) sədrinin çıxışında kurikulumlar əsasında imtahanlarda ediləcək dəyişikliklərdən söhbət açılır, həmçinin o da qeyd olunur ki, bu istiqamətdə hələ Təhsil Nazirliyi ilə müzakirələr aparılır. Dəyişikliklər buraxılış və qəbul imtahanlarının vahid formada həyata keçirilməsindən tutmuş, esse yazılması, açıq tipli tapşırıqların sayında dəyişikliklərə qədər geniş spektri əhatə edə bilər”.
DİM-in həmişə fənn proqramlarının mənimsənilməsi məsələsini önə çəkdiyini qeyd edən E. Əliyevin sözlərinə görə, məktəb müəllimlərinin əksəriyyəti şagirdləri məzmundan çox test tapşırıqlarını yerinə yetirməyə alışdırırlar:
"Biz tez-tez eşidirik ki, şagirdlərimizin nitq qabiliyyəti zəifdir, onlar fikirlərini izah edə bilmirlər və s. Şagirdlər orta məktəbi bitirəndə onlara ”kamal attestatı" verilir. Bu o deməkdir, onlar məktəbdə qeyd etdiyim bacarıqlara yiyələnməlidirlər. Əgər danışmağı və yazmağı təhsilin növbəti pilləsi olan ali təhsil də aşılaya bilmirsə, belə olan halda testi qınamaq olmaz. İnkar etmək olmaz ki, test dünyanın əksər ölkələrində şagird və tələbə biliklərinin qiymətləndirilməsinin əsasını təşkil edir. Amerikanın "Təhsil aktı” sənədində yazılır ki, müəllimlər bu üsulla qiymətləndirmədə aşkara çıxarmalıdırlar ki, onların şagirdləri düşünə bilirmi?
Fikrimcə, bu il 9-cu sinif məzunlarına keçirilən buraxılış imtahanları yeniliklərə pəncərə açdı. Düşünürəm ki, Təhsil Nazirliyi və DİM birgə çalışmaqla yaxın gələcəkdə daha rasional və təkmil imtahan sistemi yaratmağa nail olacaqlar".
Qeyd edək ki, Təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov jurnalistlərə açıqlamasında test üsulunun ləğv edilməyəcəyini, sadəcə olaraq, təkmilləşəcəyini bildirib.
Aysel Aslan