"Testi uğurla keçən 400-dən çox müəllim müsahibədən kəsilib" - NİYƏ ?

"Ona görə ki, müsahibə mərhələsi komissiyasının üzvləri 20 ildən çox pedaqoji stajı olan, təhsildə yüksək göstəricilərə malik şəxslər olmalı idi"
"Əvvəlki illərdə müəllimlərin işə qəbulu zamanı məktəb direktorları, təhsil şöbəsinin nümayəndələri məktəblərə vakant yerləri gizlədirdilər, amma bu il gizlədilmiş bütün yerlər ortaya çıxarıldı”.
Bunu "Sherg.az”a müəllimlərin işə qəbul imtahanları barədə danışarkən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu il Təhsil Nazirliyinin inqilabi addımı sayəsində 10 minə yaxın vakant yer müsahibə mərhələsinə təqdim olunub:
"İndiyə qədər yalnız test imtahanında topladığı ballarla müəllimlər işə qəbul edilirdisə, bu ildən müəllimlərin bacarıqlarının, psixoloji durumlarının yoxlanılması mərhələsi başlandı.
Müəllimin yüksək bilik və bacarıqlara, təhsil keyfiyyətinə malik olması onların psixoloji hazırlıqlı olması demək deyil. Hətta maksimum balla orta məktəb müəllimi adını qazanmış şəxslərin bir müddət sonra şagirdlərə qarşı zorakılıq etməsi, onları döyməsi kimi halların şahidi olmuşuq. Ona görə, müsahibə mərhələsi önəmlidir”.
K.Əsədov deyib ki, müsahibə mərhələsi bu və ya digər şəkildə namizədlərin bacarıqlarını və psixoloji hazırlığını ortaya qoymayacaq:
"Çünki müsahibəni aparan şəxslərin özlərinin pedaqoji stajları çox deyil, ya da orta məktəblərdə çalışmayıblar. Həmin şəxslər müəllimdə psixoloji keyfiyyətləri yoxlayacaq qədər mütəxəssis ola bilərlərmi?
Müəllimin psixoloji durumunu düzgün yoxlamaq üçün nəzəriyyə lazım deyil, situasiyadan çıxış olunmalıdır. Düzdür, müsahibə mərhələsi müəllimlərin işə qəbulu üçün ən mühüm yenilik olacaq. Amma bu bir mərhələ ilə yoxlanacaq proses deyil. Bir neçə psixoloji testdən sonra müəllimlər müsahibəyə çağırılmalı idi.
Maraqlı bir məqam da var ki, test mərhələsindən keçmiş 400-dən artıq müəllim müsahibə mərhələsində uğur qazana bilməyib. Ona görə ki, müsahibə mərhələsi komissiyasının üzvləri yalnız 20 ildən çox pedaqoji stajı olan və təhsildə yüksək göstəricilərə malik şəxslər olmalı idi. Kiminsə müəyyən şərtlərlə komissiyanın üzvü olması uğurlu nəticə vəd etməz”.
Aysel Aslan