Texnika hər küçədə işləyə bilməyəcək

Biz isə az qala hər gün avtomobil yollarının xadimələrə məzar olduğunun şahidi oluruq




Paytaxtda yol kənarlarını təmizləyən xadimələrin avtomobilə vurulması halları, təəssüf ki, son zamanlar artmaqdadı. Artıq neçənci dəfədir ki, avtomobil yolları xadimələrə məzar olur. Sonuncu hadisə bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib. Səhər saat 07:00 radələrində «Bağırov» körpüsünün yaxınlığında təmizlik işləri aparan xadimə 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı avtomobillə vurulub. Ağır xəsarət almış qadının 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilməsinə və həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Oxşar faciələr bundan əvvəl də müxtəlif ərazilərdə baş verib. Hətta yadınızdadırsa, məhz bu cür faciəli halların qarşısının alınması məqsədilə Mənzil Kommunal Təsərrüfatı işçilərinə işıq saçan xüsusi təhlükəsizlik jiletləri də paylandı. Xadimələr də inandı ki, həmin jiletləri əyinlərinə geyindikdə sürətlə şütüyən avtomobillər onları fərq edib, sürətlərini azaldacaq və onların da həyatı sığortalanmış olacaq. Amma görünən budur ki, yol kənarlarını təmizləyən xadimələr qəfil bəladan heç də sığortalanmayıb.
İndi xadimələr ümidlərini yol təmizləyici maşınlara bağlayıb. Deyilənə görə, paytaxtda küçələri təmizləyəcək və xadimələri əvəzləyəcək xüsusi texniki vasitələr gətirilib. Paytaxt rəhbərliyi belə halların qarşısını almaq üçün bir sıra addımlar atır, xüsusi proqram hazırlanıb və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.

Bu texniki vasitələr Rusiyanın "Yaroslaviç" İstehsalat Müəssisəsinin məhsulu olan xüsusi avtomobillərdir. "KamAZ-65115” şassisində quraşdırılmış bu maşınlar möhkəm örtüklü asfalt yollarda xidmət üçün nəzərdə tutulub və heç bir mövsümi məhdudiyyətləri yoxdur. Onlar həm şəhər, həm də şəhərətrafı yollarda istifadə oluna bilər.

"Yaroslaviç” kommunal-yol maşını ilə qış aylarında şəhər küçələrini qardan təmizləmək mümkündür. Həmçinin yeni texnika ilə yola duz və maye səpmək olar. Yay aylarında isə yolların süpürülməsi, səkilərin, yol nişanlarının yuyulması, yol təmiri zamanı asfalt hissələrinin daşınmasında istifadə oluna bilər. Maşınların istismara hazır olduğu bildirilir. Lakin yenə bir müəmma var. Bakı Nəqliyyat Agentliyi bildirir ki, xüsusi texniki vasitələrin işi çətin də ola bilər, əgər məsələ kənarları şəxsi avtomobillər, taksilərlə zəbt edilmiş yollardan gedirsə. Kənarları zəbt olunmuş yolları xüsusi texniki vasitələr də təmizləyə bilməcəyək. O zaman yenə xadimələr işə cəlb olunacaq?

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli «Şərq»ə açıqlamasında şəhər infrastrukturunda hər bir detalın nəzərə alınmalı olduğunu vurğuladı:

- Yaxşı haldır ki, müasir texnika alınır. Amma şəhər əhalisi bu texnikanın üstünlüyünü hiss etmir. Şəhər təkcə mərkəzi küçələrdən, dövlət orqanlarının inzibati binalarının yerləşdiyi ərazilərdən ibarət deyil. Hamımız görürük ki, qış aylarında qar yağanda şəhər həyatı necə iflic olur. Mərkəzi küçələri, çox gediş-gəlişli bəzi küçələri təmizləyirlər, digər küçələrsə keçilməz qalır. Yol kənarlarının təmizlənməsi də problemlərdən biridir. Yol kənarlarını təmizləyən xadimələr real təhlükə altındadırlar. Ya gərək onların hamısına xüsusi parıltı verən jiletlər paylansın, qollarında işıq saçan qolbaqlar, xüsusi vasitələr olsun, ya da gərək bu xadimələri birdəfəlik yol kənarlarından yığışdıraq. 

İşi verək, texniki vasitələrə. Bu da o zaman effektli olacaq ki, paytaxtın əksər küçə və prospektləri texnikanın işləməsi üçün uyğun strukturda olsun. Təəssüf ki, bu, belə deyil. Texnika hər küçədə işləyə bilməyəcək. Yol kənarında dayanma-durma qaydalarını pozan avtomobillər ucbatından, yolların təmirsiz olması, texnikanın sərbəst işləməsi üçün lazımi şərait olmadığından. Texnikanın alınması işin bir tərəfidir, ikinci məsələ o texnikanı lazımi şəkildə işlədə bilməkdir.

Məlahət Rzayeva