"Tibbi tədqiqatlar protokol xətrinə aparılmamalıdır” - Adil Qeybulla






"İnsanların sağlamlığının yoxlanması üçün vaxtaşırı elmi-tədqiqatların aparılmasında fayda var”.
Bunu "Sherg.az”a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair tədqiqatın sahə işlərinə start verilməsinə münasibət bildirərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, bu tədqiqatlar formal xarakter daşımamalıdır:

"İstənilən tədqiqat işini də nəticələrinə görə dəyərləndirmək lazımdır. Sovet dövründə elmi tədqiqatlar, elmi dissertasiyalar hamısı formal xarakter daşıyırdı. Düzdür, ideoloji baxımdan insanları elmə cəlb etmək həvəsi var idisə də, sovet elmi bundan nəticə görmədi. Ona görə, elm bu gün Amerika, İngiltərə kimi ölkələrdən gəlir.

Elmi tədqiqat işləri həm aktual sahəyə həsr olunmalı, həm də ölkə üçün əhəmiyyətli olmalıdır. Əsas məsələ isə bunun nəticəsinin dəyərləndirilməsidir. Belə tədqiqatlar protokol xətrinə aparılmamalıdır”.

Qeyd edək ki, hazırda sorğu nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən Bakı, Sumqayıt şəhərləri və Xızı rayonu ərazisində keçirilir. Ümumilikdə isə Səhiyyə Nazirliyinin razılığı və ÜST-nin dəstəyi ilə aparılan sorğuda iştirak etmək üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı seçilib.

Aysel Aslan