Sahib Məmmədov:" Bu məsələdə cəzasızlıq hökm sürdüyünə görə, belə hallar yaşanır. Yalnız qrup formasında ölüm halı baş verdikdə işəgötürənlə bağlı tədbir görülür”
"Adı bəlli olmayan, xırda MMC-lər tikinti sahəsindən çıxarılmalıdır”.
Bu barədə "Sherg.az”a tikintidə təhlükəsizlik qaydalarının pozulması hallarından danışarkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib.
O vurğulayıb ki, son illərdə ciddi tikinti şirkətlərinin artması, onların təhlükəsizlik qaydalarına əməl etməsi tikinti qəzalarını azaldıb:
"Xırda MMC-lər torpaq sahələrini götürüb, bina tikirlər. Əsas məqsədləri isə sadəcə, qazanc əldə etmək olur. Bu sahibkarlar həm binaları keyfiyyətsiz tikirlər, həm də işçiləri təhlükəsizlik vasitələri ilə təmin etmirlər. Hazırda həmin sahibkarlara imkan verilib, yoxlamalar dayandırılıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti isə həmin sahəyə gedə bilmir. Bu kimi məsələlərdən dərs çıxarmaq, işçilərlə əmək müqaviləsi imzalayıb, təhlükəsizliyini təmin etmək əvəzinə həmin şirkətlər qanun pozuntularına yol verirlər. Tək-tək qəza halları baş verdikdə, cinayət işi açıldıqda təəssüf ki, başa çatmır, hətta iş məhkəməyə gedib çatmır. Bu məsələdə cəzasızlıq hökm sürdüyünə görə, belə hallar yaşanır. Yalnız qrup formasında ölüm halı baş verdikdə işəgötürənlə bağlı tədbir görülür”.
Qeyd edək ki, Səbail rayonu Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi 5 ünvanında (MVVL Verius Pradium) şirkəti tərəfindən inşa edilən çoxmərtəbəli binada işləyən 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 13-cü mərtəbədən yıxılıb. O, hadisə yerindəcə keçinib. Bildirilir ki, vəfat edən şəxs adı qeyd edilən şirkətdə elektrik işləyirmiş.
Aysel Aslan