Tramp dəyişəcək, amma ABŞ siyasəti dəyişən deyil

Partiya funksionerləri iddia edir ki, vədlər sadəcə qələbəyə hesablanmış oyun idi



ABŞ cəmiyyəti özünün 45-ci rəhbərini seçdi. Seçkilərin yekunu olaraq milyarder, şəxsiyyəti və
fəaliyyəti ilə bağlı ziddiyətli fikirlər səsləndirilən Donald Tramp prezident kürsüsünə yüksəldi.
Trampın ölkə daxilində hansı addımlar atacağı, Amerikanın xarici siyasətində necə dəyişiklik
edəcəyi dünya mediasında geniş müzakirə olunmaqdadır.

Amma bizim üçün maraqlı olan ABŞ-Azərbaycan münasibətlərinin yeni prezidentdən sonra
hansı istiqamətdə inkişaf edəcəyidir. Daha doğrusu, əsas gözləntimiz ATƏT-in Minsk Qrupunun
həmsədri olan Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verib-verməyəcəyi ilə
bağlıdır. Yeni Prezident Donald Trampın Azərbaycanla bağlı inşaat, biznes və s. sahələrdə
müəyyən maraqları var. Bu baxımdan ilkin versiya kimi demək olar ki, Azərbaycan-ABŞ
münasibətlərinin normal məcrada inkişaf etməsinə maneə ola biləcək hər hansı məsələ yoxdur.
Amma sırf Dağlıq Qarabağ məsələsində ABŞ-ın əvvəlki mövqeyinin dəyişməyəcəyi iddia
olunur. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların funksionerləri də bu fikirdədir.
Məsələ ilə bağlı "Şərq”ə danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud
Mirəlioğlu deyib ki, ABŞ Prezidentinin dəyişməsi rəsmi Vaşinqtonun oturuşmuş xarici siyasət
mövqeyinə təsir göstərməyən amildir: "Prezidentlər gəldi-gedərdi, dəyişkəndir. Amerikanın
xarici siyasəti isə dəyişməzdir. Dünən Obama idi, bu gün Trampdır, sabah da başqası prezident
olacaq. Məsələ ondadır ki, isimlərin dəyişməsi mahiyyəti dəyişmir. ABŞ-ın istər Cənubi
Qafqaza, istərsə də Yaxın Şərqə yönəlik siyasi kursunda hər zaman Vaşinqtonun öz maraqları ön
planda olur. Bütün proseslərdə Amerika əvvəlcə özünü, daha sonra isə başqa dövlətləri fikirləşir.
Biz problemlərimizi özümüz həll etməliyik”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bildirib ki, Dağlıq Qarabağ
problemi hansısa bir dövlətin nəzarətində olan məsələ deyil: 

"Münaqişənin həlli ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupunda ABŞ-la yanaşı, Rusiya və Fransa da həmsədr funksiyasını yerinə yetirir. Ona görə də, düşünmürəm ki, Donald Tramp Qarabağ münaqişəsinin həllində nəsə əlahiddə addım atacaq. Düzdür, Tramp Prezident seçilməmişdən qabaq kimlərinsə qulağına xoş gedən bəzi vədlər, açıqlamalar verib. Amma ABŞ-da namizədlərin seçkidən əvvəlki çıxışları ilə seçkidən sonrakı açıqlamalarını təhlil etsək görərik ki, eyni adamın mövqeyi arasında 180 dərəcə fərq meydana çıxıb. Məsələn, Tramp seçkidən əvvəl Rusiya ilə münasibətləri
normallaşdırmaqdan danışırdı. Lakin qələbə qazandıqdan sonra bəyan etdi ki, Kremlə qarşı daha
sərt sanksiyalar tətbiq olunmalıdır. Müsəlman ölkələri ilə bağlı kəskin fikirləri var idi. Amma
daha sonra açıqlamalarını saytlardan yığışdırdı və bir çox düşüncələrindən geri çəkildi. Trampın
vədləri sadəcə qələbəyə hesablanmış seçki oyunları idi. O baxımdan düşünürəm ki, ABŞ-ın
xarici siyasətində ciddi dəyişikliklər olmayacaq”.


Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib ki, indiyədək
ABŞ Azərbaycana gəzlənilən diqqəti yetirməyib. Bir supergüc kimi üzərinə götürdüyü qlobal
sülh və təhlükəsizlik sistemini pozub: 

"Vaşinqtonun Azərbaycana qarşı ikili standartlar  mövqeyindən yanaşdığını çox görmüşük. Xüsusən, Dağlıq Qarabağ probleminin həllində Minsk Qrupunun 3 həmsədrindən biri kimi vasitəçilik missiyasını qaneedici səviyyədə yerinə yetirə bilməyib. Azərbaycanın strateji müttəfiq kimi istəklərinə müsbət qarşılıq verməyib. Ölkəmizin  regoinal əhəmiyyəti lazımınca qiymətləndirilməyib. Yerli-yersiz Azərbaycan sıxışdırılıb, bizə təzyiq göstərilib. Lakin Dağlıq Qarabağın separatçı rejiminə hər il milyon dollarla yardım edilib”.  

Ə.Oruclu deyib ki, Trampın xarici siyasətə xeyli fərqlər və yeniliklər gətirəcəyi iddia
olunur: 

"Doğrudur, xarici siyasətdə ana xətt ABŞ-ın milli və dövlət maraqlarının təmini olsa da,sürətlə dəyişən dünya bu maraqların birtərəfli təmin edilməsini çətinləşdirir. Bu baxımdan ümid
edirəm ki, Trampın milli və dövlət maraqlarını özündə əks etdirən xarici kursu birtərəfli
olmayacaq. Azərbaycan-ABŞ arasında olan münasibətlər bundan sonra qarşılıqlı maraqlara
söykənəcək. Əgər bu olmayacaqsa, itirən ABŞ olacaq. Münaqişənin həllinə gəlincə , "4 günlük
müharibə” bir daha göstərdi ki, lokal münaqişələr dünyanın təhlükəsizlik sisteminə ciddi
təhdiddir. Belə münaqişələr tezliklə həllini tapmalıdır”.

İsmayıl