“Stratfor” şirkəti yeni heç nə proqnozlaşdırmayıb. Sadəcə prosesin güclənəcəyini söyləyib
ABŞ-ın xüsusi "Stratfor” kəşfiyyat-analitik şirkəti Donald Tramp administrasiyasının 2019-cu ildə Rusiyanı Şərqi Avropa və Cənubi Qafqazdan çıxarmaq üçün ciddi addımlar atacağını iddia edib. Şirkətin hazırladığı analitik məqalədə Amerikanın ilk növbədə Moskvanın KTMT və Avrasiya İqtisadi Birliyindəki ən yaxın müttəfiqlərini hədəfə alacağı bildirilib. Eyni zamanda qeyd edilib ki, Belarusun obyektiv səbəblərdən Rusiyadan uzaqlaşması çətin olduğundan, Vaşinqton Mərkəzi Asiya və Cənubi Qafqazda diplomatik səyləri gücləndirəcək.
Həmçinin əlavə edilib ki, ilk vəzifə kimi Ağ Ev hakimiyyət dəyişikliyi baş vermiş Ermənistanla sıx əlaqələr qurmağa qərar verib. Məqalədə Azərbaycan və Gürcüstanın 1999-cu ildə KTMT-dən imtina etməsindən ABŞ-ın məmnunluğu ifadə edilib: "Hazırda Amerika Moskvanı daha da zəifləməyə ehtiyac duyur və bunu müttəfiqlərini Rusiyadan uzaqlaşdırmaqla həll etmək niyyətindədir. Qərb analitikləri bildirirlər ki, KTMT zəif bir hərbi-siyasi ittifaqdır. Ekspertlər göstərir ki, müqavilənin özü yenidən nəzərdən keçirilməlidir və əks halda, təşkilat tezliklə dağılacaq”.
"Stratfor”un təhlilləri ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, proqnoz kimi təqdim edilən bu məsələlər artıq həyata keçirilir:
"ABŞ Ermənistanda güclənməkdədir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Amerika rəsmiləri tez-tez çıxışlar edirlər. Hətta, ötən ay ABŞ-ın İrəvandakı səfiri Riçard Millz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasının vacibliyini vurğulamışdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı ilə bağlı məsələ də həyata keçməkdədir. Ukraynanın rəsmi olaraq MDB-dən çıxması, Ermənistanda Qərbin dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlişi bunu təsdiqləyir. Qeyd edim ki, ötən ilin oktyabrında Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təmsil etdiyi blokun hazırladığı layihəni parlamentə təqdim etmişdi. Paşinyan o zaman deyirdi ki, bu ittifaq Ermənistanın suverenliyinə ziyan vurur. Yəni "Stratfor” şirkəti yeni heç nə proqnozlaşdırmayıb. Sadəcə prosesin güclənəcəyini söyləyib. Onlar demədən də bu, görünür”.
İsmayıl