"Tramp o qərarı Türkiyənin acığına verməyib" - Müsahibə

Sədrəddin Soltan: "Çünki Avropa dövlətləri də Ərdoğan kimi sərt reaksiya göstərdilər"
"Qüdsü beynəlxalq ictimaiyyət İsrailin paytaxtı kimi tanımır. Burada söhbət gərginliyin artacağından, yeni münaqişənin yaranacağından gedir"


ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını bəyan etməsi Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib. Dünya dövlətlərinin əksəriyyəti, xüsusilə müsəlman ölkələri D. Trampın bu qərarını kəskin tənqid edib.

Bu proseslər haqqında "Sherg.az”a müsahibə verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan problemin nəticələrindən danışıb. 

Müsahibəni təqdim edirik:

- ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasını Avropa dövlətləri necə qarşıladı?

- Avropa ölkələri də Trampın bu qərarını tənqid etdi. Bildirdilər ki, bu, beynəlxalq hüquq normalarına ziddir. Qüdslə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr gündəmə gətirildi. Bu həm də beynəlxalq vasitəçilərin Fələstin və İsrail arasında münaqişənin həlli ilə bağlı iki dövlət prinsipinin əsaslarına da zərbə vurur. Çünki beynəlxalq vasitəçilər Fələstin-İsrail münaqişəsinin iki dövlət, iki millət prinsipi çərçivəsində həllində maraqlıdırlar. D.Trampın qərarı isə bu prinsiplə ziddiyyət təşkil edir. Bunu Avropa ölkələri, hətta Avropa İttifaqının Xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Magerini də açıqlayıb. Rusiya da Federal Şurasının Beynəlxalq məsələlər üzrə Komitəsinin sədri Konstantin Kostakin də iki dövlət prinsipinə qərarın ziyan vurduğunu bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti də bu mövqedən yanaşıb.

- Türkiyənin bu qərara ciddi tənqidlə yanaşması nə ilə əlaqədardır?

- Bu tək Türkiyə-ABŞ məsələsi deyil. Bütövlükdə beynəlxalq hüququn problemidir. BMT-nin qərarlarına hörmətsizlik edilməsinin göstəricisidir. Bu hadisə ilə güclünün istədiyini edə bilməsi görüntüsü önə çəkildi. D.Tramp bunu Türkiyənin acığına etmir. Türkiyədən başqa bir çox dövlətlər də Rəcəb Tayyib Ərdoğan kimi reaksiya göstərdi. Məsələni Türkiyə-ABŞ konteksinə salmaq yanlışdır. Qeyd etdiyim kimi, Ərdoğan Trampa qərarının yanlış olduğunu çatdırdı və Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Tereza Mey, Aİ-nin ali nümayəndəsi Federika Magerini də buna qoşuldu.

- Qeyd etdiniz ki, BMT TŞ-nin qətnamələri pozulub. Bir çox dünya dövlətləri də buna etiraz edib. Yaranmış vəziyyət regionda gərginliyə səbəb ola bilərmi?

- Əslində Fələstin-İsrail regionunda onsuz da gərginlik 70 ildir var. 1947-ci ildə BMT indiki İsrail və Fələstin arasında iki dövlətin yaranması haqqında qərar verdi. Qərara görə, Qüdsün şərq hissəsi Fələstinin mərkəzi sayılır. Lakin sonrakı proseslərdə BMT-nin bu qərarı nəzərə alınmayıb.
1980-ci ildə İsrail Qüdsün şərqi və qərbini birləşdirərək bu şəhəri özünün paytaxtı elan edib. Həmin məsələ ilə bağlı BMT TŞ-nin etiraz qətnaməsi var. Qüdsü beynəlxalq ictimaiyyət İsrailin paytaxtı kimi tanımır. Burada söhbət gərginliyin artacağından, yeni münaqişənin yaranacağından gedir. Yaxın və Orta Şərqdə mövcud olan problemlər həll edilməmiş Qüds üzərində silahlı münaqişə baş verməsi, etirazların artması, ciddi gərginliyin artacağı istisna edilmir. Hətta yeni gərginlik ocaqları da yarana bilər.

- TŞ həlledici qərar qəbul edə bilməsə, bu, BMT-nin nüfuzdan düşməsinə gətirib çıxara bilərmi?

- BMT-nin bütövlükdə hansı gücdə olduğunu bilirik. Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı TŞ-nin 4 qətnaməsi var, 25 ildir icra olunmur. Ona görə, həmin təşkilatın idarə heyəti yığışacaq, Donald Trampın qəbul etdiyi qərarı əsaslandırmağa çalışacaqlar. Bir müddət sonra göstərəcək ki, BMT yenə proseslərə təsir etmək qüdrəti olmayan təşkilat olaraq qalır. Çünki BMT ABŞ-a sanksiya tətbiq edə bilməz, Trampa qarşı qərar qəbul edə bilməz. Sadəcə, məşvərət edəcək, qınayacaqlar. Bu bəyanatlardan artıq heç nə deyilməyəcək. Bu, BMT-nin fəaliyyətinin göstəricisidir.
Müəyyən mənada Qüds məsələsi də Dağlıq Qarabağ münaqişəsi kimi olacaq. BMT 70 il bundan əvvəl Fələstinə qarşı necə vecsiz təşkilat idisə, bu gün də elə qalacaq.

- Dünya ölkələri Trampı qınayır. Onsuz da onun əvvəldən elə yüksək nüfuzu yox idi. Ziddiyyətli qərarı ABŞ Prezidentinin özünə qarşı mənfi nəticə verə bilərmi?

- Amerika kimi dövlətdə bu cür qərarı Donald Tramp özbaşına verə bilməz. O, bir dövlətin təmsilçisidir. Bu dövlətin də müxtəlif qurumları var. Qüdsün tanınması ilə bağlı ilk dəfə 1995-ci ildə ABŞ Konqresi qərar çıxarıb. Sadəcə olaraq, ötən 22 il ərzində ABŞ-da heç bir Prezident bu qərarı təsdiqləməyib. Ona görə, bu, Trampın deyil, ABŞ dövlətinin mövqeyidir. Prezident dövlətin təmsilçisi olduğundan Qüdsü İsrailin paytaxtı olaraq tanıyan Amerika dövlətinin adından çıxış edir.

- Qüds məsələsinin Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə dolayı və ya birbaşa təsiri ola bilərmi?

- Qüds məsələsi Azərbaycan üçün də özünəməxsus mesaj sayıla bilər. Çünki ölkənin Dağlıq Qarabağ və ətraf bölgələri 25 ildən artıqdır Ermənistan tərəfindən işğal altında saxlanılır. Təəssüf ki, bu işğalı beynəlxalq vasitəçilər hələ də münaqişə adlandırırlar. Münaqişəni tənzimləmək istəyən beynəlxalq vasitəçilərdən biri ABŞ-dır. Münaqişələrin həllinə də vasitəçiliyi tərəflərin inanıb etibar etdiyi dövlət və qüvvələr edir. Bu missiyanı üzərinə götürənlərin hər iki tərəfi qane edəcək qərar qəbul etməsi nəticəsində məsələ ədalətli həllini tapır. 

Ancaq Qüds məsələsində ABŞ-ın beynəlxalq vasitəçiliyinə kölgə düşdü. Başqa sözlə, onun Dağlıq Qarabağla bağlı münaqişənin həllində beynəlxalq sənədləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüquqdakı ərazi bütövlüyünü nəzərə alacağı şübhəlidir. İndiyədək ABŞ rəsmiləri Ermənistanın işğalçı olduğunu bildirməsələr də, Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını vurğulayıblar. Bu münaqişənin həlli ilə bağlı əsas prinsip ərazi bütövlüyüdür. Ancaq beynəlxalq vasitəçilər 25 ildir bu prinsipi həyata keçirə bilmirlər.

Bu gün ABŞ dolları ilə dünyada hakimlik edir. Onun bütün qüdrəti bundan qaynaqlanır. Bu dövlətin demokratik olduğu düşünüldüyündən daha ədalətli qərarlar qəbul edəcəyinə inam da var. Belə hesab edilir ki, ABŞ-ın bütün dünya siyasətində aparıcı olması onun ənənəvi "güclüsənsə, deməli, doğrusan” deyiminə uyğun gəlmir. Bu ölkənin düzgünlüyünün hərbi qüdrətindən və sairdən asılı olmadığını sübut etməyə çalışır, ABŞ-ın gücünün demokratikliyindən doğduğunu iddia edirlər. ABŞ-ın öz vətəndaşları üçün demokratikliyinə şübhə yoxdur. Ancaq Qüdslə bağlı qərarı münaqişələrin həllində onun ədalətli mövqe tutacağına şübhələri təsdiqlədi. Hər halda inanmaq istəməsək də, bu hadisə 981 il bundan əvvəl başlamış prosesin davam etdiyini göstərir.

Hazırladı: Aysel Aslan