Trampın kürəkəni bütün ABŞ-ı aldadıb





ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşnerin hərbi-sənaye sahəsində fırıldaq etdiyi aşkara çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "ABC News” kanalı xüsusi informasiya yayıb.

Kanalın 2 ABŞ rəsmisi və 3 keçmiş Ağ Ev əməkdaşına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Səudiyyə Ərəbistanına silah satış rəqəmləri Kuşnerin təlimatı ilə qat-qat yüksək göstərilib.

Gələn məlumatlarda Kuşnerin rəqəmlərin şişirdilməsi üçün həm Dövlət Departamenti, həm də Pentaqona təzyiq göstərdiyi bildirilir. Bu məsələdə Cared Kuşnerin müdafiə naziri Ceyms Mettisin də dəstəyini aldığı iddia olunub.

Qəzetin mənbələrinin məlumatlarına əsasən, C Kuşner Donald Trampın 2017-ci ildə Səudiyyə Ərəbistanına gerçəkləşdirdiyi ziyarətindən öncə Təühlükəsizlik Şurasının iclasında "Səudiyyə Ərəbistanına daha çox silah satmalıyıq”- dediyi qeyd edilir.

Lakin Səudiyyə Ərəbistanı ABŞ-dan sadəcə 15, daha doğrusu, 14,5 milyard dollarlıq silah istəyib. Halbuki Trampın səfərində 110 milyard dollardan bəhs olunurdu. Üstəlik, 14,5 milyard dollarlıq helikopter, tank, gəmi, adi silahlarının satışının özü belə natamam icra olunub. İki ölkə arasında imzalanan bir sənədin surətini ələ keçirən ABC həmin sazişin də hüquqi qüvvəsinin olduqca zəif olduğuna diqqət çəkib.

Artıq ABŞ Nümayəndələr palatasının xarici əlaqələr komitəsinin Demokrat partiyasından olan üzvü David Çiçilline silah satışı rəqəmləri barədə suallar səsləndirməyə başlayıb. ABC-yə müsahibə verən Çiçilline Tramp administasiyasının Səudiyyə Ərəbistanının törətdiyi əməllərə görə sərt cavab vermkdən çəkinməsini altında yatan əsl gerçəkliyin nə olması barədə bir çox sualların doğduğunu söyləyib.

Çiçilline mövzunun Konqres tərəfindən dərinləşdirilmiş şəkildə araşdırılıb Səudiyyə rejiminə qarşı daha sərt tədbirlərin göstərilməsinin zəruri olduğunu deyib.