Trampın vədi reallaşmayacaq

“Trampın qərarını həyata keçirmək asan olmayacaq. Çünki ABŞ dövlət olaraq bir şəxsin iradəsi ilə yönədilmir”
3 milyon qaçqının ABŞ-dan zorlaçıxarılması humanitar faciəyə səbəb ola bilər



ABŞ-ın yeni Prezidenti Donald Tramp 3 milyon miqrantı ölkədən deportasiya edəcək. Bu barədə
Tramp özü açıqlama verib. Yeni Prezidentin sözlərinə görə, Amerikaya qeyri-qanuni yollarla
daxil olan miqrantlar ölkədən çıxarılacaq.

Tramp onu da vurğulayıb ki, qanunsuz miqrantların uşaqları ABŞ-da doğulmasına baxmayaraq,
vətəndaşlıqdan məhrum ediləcək. Trampın miqrantlarla bağlı qərarı dünya ictimaiyyətində,
xüsusən Avropa məkanında ciddi narahatlığa səbəb olub.  Avropalı rəsmilər hesab edirlər ki, ABŞ-ın müxtəlif səbəblərdən ölkəsinə gələn insanları deportasiya etməsi onsuz da böhran dövrünü yaşayan miqrasiya məsələsini alt-üst edəcək. 

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Natiq Miri deyib ki, Donald Trampın miqrantlarla bağlı vədi Amerika toplumu tərəfindən müəyyən qədər dəstək qazanıb. Amma Prezidentin dediyi kimi 3 milyon miqrantı ölkədən deportasiya etmək heç də asan məsələ deyil: "Miqrasiya prosesi dövlət səviyyəsində, xüsusən qanunvericilik çərçivəsində ciddi müzakirəyə ehtiyac duyan məsələdir. Çünki bu cür təhlükəli tendensiya dalğavari şəkildə digər ölkələrə də sirayət edə bilər. Yaxın Şərqdən və Şimali Afrikadan hələ də Qərb dünyasına köç davam etməkdədir. Avropa Birliyi bu köçün altında əzilsə də, humanitar faciəyə çözüm tapa bilmir. İndiki məqamda ABŞ-ın miqrantları
ölkədən çıxarması strateji müttəfiqi olan Avropa Birliyi ölkələrində adekvat addımlara səbəb ola
bilər. Təbii ki, insanlıq baxımından doğru addım deyil”. 

Ekspertin sözlərinə görə, əsrlər boyu köç Qərbdən Şərqə olub: "Şərq dünyası Qərbdən gələn xristianlara qucaq açıb, onlara yaşamağa yer verib, yəni insanlıq dərsi keçib. Bir neçə əsrdən sonra isə əks proses başlayıb. İndi biz bu cür insanlığı Qərb dünyasından gözləyirik. ABŞ kimi superdövlətin belə bir qərar verməsi və 3 milyon insanı ölkədən zorla çıxartması bütünlüklə Qərb adına utancverici addımdır. Eyni zamanda humanitar faciəyə səbəb ola biləcək bir davranışdır. Düşünürəm ki, Trampın qərarını həyata keçirmək asan olmayacaq. Çünki ABŞ dövlət olaraq bir şəxsin iradəsi ilə yönədilmir.
Amerikanı mexanizmlər, dövlətin maraqları və prioritet siyasətlər idarə edir. ABŞ-ın "dərin
dövləti” miqrasiya prosesinə nəzarət edir. Ona görə də Trampın vədləri ilə ABŞ-ın siyasəti üst-
üstə düşməyə bilər”.

İsmayıl