Tural Abbaslıdan qalmaqallı açıqlama: "Müsavatın sonu başlayıb" - “Qafalar” yenilənməlidir

"Partiyanın rəhbər komandasını yeniləmək üçün o səviyyədə siyasi təcrübəyə, bacarığa malik kadrlar qalmayıb. Bütün sistemi dəyişməlidirlər, yeni insanlar cəlb olunmalıdır”











"Müsavat Partiyasının bugünkü vəziyyəti bizi ağrıdır. Gələcəkdə vəziyyətin daha pis olacağına əminliyimi təəssüflə qeyd etməliyəm”.

Bunu "Sherg.az”a Müsavat Partiyası rəhbərliyində baş verən proseslər haqqında danışarkən "Ağ partiya”nın başqanı, Müsavat partiyası Gənclər Təşkilatının keçmiş sədri Tural Abbaslı deyib. O bildirib ki, indi baş verən hadisələr partiyadakı sonun başlanğıcıdır:

"Son illərdəki istefalar mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. Arif Hacılı başqan seçildikdən sonra onunla təkbətək görüşümüz oldu və onun formalaşdırdığı komanda haqqında müzakirə apardıq. Həmin görüşdə gözləntilərimi bildirdim. Müsavatın rəhbərliyindəki şəxslər heç vaxt bir komandada fəaliyyət göstərməyib, əməkdaşlıq təcrübələri yoxdur. Hətta tam ayrı-ayrı siyasi görüşlərə sahib insanlardır. Partiya rəhbərliyinin 90 faizinin siyasi idarəçilik təcrübəsi, bacarığı yoxdur. Çox insan düşünür ki, sosial şəbəkədə status yazmaq insanı siyasətçi edir.

Nəticə olaraq, indiki hadisələri gözləyirdik. Əminəm ki, qarşısını almaq üçün addımlar atılmasa, bundan da ağır vəziyyət olacaq. Əslində atılası addımlar da qalmayıb, dönülməz proses başlayıb. Hazırkı vəziyyəti sonun başlanğıcı kimi qiymətləndirmək olar.

Müsavat Partiyasında vaxtilə bəzi "qafalar” yenilənməyin əleyhinə çıxdı. Siyasi situasiyanın şərtləri, partiya daxili reallıqla hesablaşmaq istəmədilər. Bunun nəticəsi özünü istefalarda büruzə verir. Bu, hələ başlanğıcdır”.

Partiyanın idarə heyətində islahat aparılacağı təqdirdə yaranacaq vəziyyətə də toxunan T.Abbaslı bəyan edib ki, partiyanı bu durumdan çıxara biləcək kadrlar yoxdur:

"Heç kim fikirlərimdə qərəzlik axtarmasın. Amma vurğulamalıyam ki, partiyanın rəhbər komandasını yeniləmək üçün o səviyyədə siyasi təcrübəyə, bacarığa malik kadrlar qalmayıb. Uzun illər partiya rəhbərliyində təmsil olunduğumdan, indi partiyanın kadrlarından məlumatlıyam. Sonuncu qurultaydan sonra Müsavat böyük kadr itkisinə məruz qaldı. Demək olar ki,idarəçilik təcrübəsi olan şəxslərin 80 faizi partiyadan uzaqlaşdı. Qalan 20 faiz isə yəqin ki, indiki şərtlərlə partiyada təmsil olunmaq istəməyəcəklər.

Rəhbərlik dəyişilsə də dəyişilməsə də xeyri yoxdur. İndiki problemlər sıfırdan başlanmalı prosesə gəlib, çıxıb. Təşkilatın iddialı partiyaya çevrilməsini istəyirlərsə, bütün sistemi dəyişməlidirlər. Yeni insanlar cəlb olunmalıdır”.

Qeyd edək ki, Müsavat Partiyasının başqan müavini Elman Fəttah vəzifəsindən istefa verib. E. Fəttah yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqları səbəb olub. E. Fəttah yalnız vəzifəsindən istefa verdiyini və partiyada fəaliyyətini davam etdirdiyini söyləyib.

Aysel Aslan