“Turana açılan könüllər” qalmaqal yaratdı- "ÇƏKİŞMƏ"

Nəriman Əbdülrəhmanlı: "Burada yaradıcı adamların əsərləri çap olunmalı idi"
Nizami Cəfərov: "Bu məsələyə akademik baxışla yanaşmağa ehtiyac yoxdur"

Yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı bu günlərdə dərc olunan "Turana açılan könüllər” antalogiyasında yer alan əsərlərə etiraz edib. O, bu barədə öz feysbuk profilində yazıb. Həmin antologiyanın şəklini paylaşan yazıçı narazılığını "dostlar, lütfən bu antologiyadakı imzalara, baxın" cümləsi ilə ifadə edib. 

Sherg.az olaraq bu məsələnin ciddiliyi və maraqlılığını nəzərə alıb N.Əbdülrəhmanlının özü ilə əlaqə saxladıq. Azı 30 ildir ədəbi proseslərin içərisində olduğunu söyləyən N.Əbdülrəhmanlı bildirdi ki, ədəbiyyatda görünən imzaları izləyib, əsərlərini oxuyur: 

" "Turana açılan könüllər" antologiyasında ayırdığım bir neçə imzalar var ki, onların öz dəsti xəttləri mövcuddur. Məsələn, siyahıda Səməd Vurğun və Nazim Hikmətdən sonra gedən imzalar ədəbiyyat üçün dəyər kəsb etmirlər. Antologiyadakı əsərlərin haradan və necə tolandığını bilmirəm. 

Ancaq bir şeyi bilirəm ki, bu antologiya Türkiyə və Azərbaycan adına hazırlanıbsa, biz bundan narahat olmalıyıq. Burada heç olmasa özünü təsdiq etmiş imzalar və yaradıcı adamların əsərləri cəlb olunmalı idi ki, Azərbaycandan kənardakı ədəbi mühit Azərbaycan ədəbi mühiti haqqında neqativ fikirdə olmasın. Bu cür antologiyaların Azərbaycan ədəbiyyatı adına üzə çıxarılıb, Turan kimi geniş bir arenaya buraxılması məni çox narahat edir. Mən həmin cümlədə bir oxucu və bir ədəbiyyat adamı kimi onu demək istəmişəm. Yəni ədəbi çəkisi olan əsərdən söhbət gedir. 30 ildir ədəbiyyatda olan bir şəxs kimi həmin kitabda gedən imzaların əksəriyyətini tanımıramsa, deməli bu antologiya anormaldır".

İttihamları cavablandran antologiyanın rəyçisi millət vəkili, akademik Nizami Cəfərov söyləyib ki, əsərlərin seçilməsi təsisçilərin maraqları dairəsində olan bir məsələdir: 

"Bu, ciddi qüsur sayıla bilməz. Həmin antologiyada daha çox gənc nəsli çap ediblər. Əsərləri öz zövqləri ilə seçiblər və bu, problem deyil. Kimlər şeir təqdim edibsə, onu dərc ediblər. Bəzən olur ki, kitabı hazırlamaq üçün müraciət edirlər. Kimlər ki şeir təqdim edir, onların şeirlərini verirlər. Səməd Vurğunu isə müasir Azərbaycan poeziyasının banisi kimi önə salıblar. Yəni belə məsələlər olur və bunlar ciddi problem deyil".

Akademik onu da əlavə edib ki, ədəbi mühitin bu antologiya ilə bağlı narazlığı varsa, gərək onu nəzərə alaq: 

"Bu təsadüf ola bilməz. Amma yaxşı olardı ki, belə hallarda mütləq klassiklərdən müəyyən nümunələr verilərdi. Onda kitabın dəyəri də yüksək olardı. Məncə, bu məsələyə həddən artıq akademik baxışla yanaşmağa ehtiyac yoxdur. Kimlər şeir təqdim edibsə, onlardan seçilib. Burada şeirlərin səviyyəsindən söhbət gedir. Müəllifləri seçsək, gərək lap qədimdən başlayaydıq. Onda da indiki gənc şairələrə yer qalmazdı. Amma bütün hallarda ədəbi ictimai fikir belədirsə, gərək gələcəkdə həmin fikirlər nəzərə alınsın" .

Qeyd edək ki, bu günlərdə Azərbaycanda "Turana açılan könüllər” antalogiyası çapdan çıxıb. Antologiyda bir neçə müəllifin şeirləri dərc olunub. Həmin müəllifləri görmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər.

http://gaste.org/turana-acilan-gonuller-antalojisi-cikti/

Ayyət Əhməd