Türk birliyi möhkəmlənir
Qırğızıstanda keçirilən sammitdə bəyannamə və bir sıra sənədlər imzalanıb
Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Tədbirə qatılan dövlət və hökumət başçıları "Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəziblər.
Açıq havada qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxıblar. Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğızıstan prezidentinə minnətdarlığını bildirib. Prezident Nursultan Nazarbayev deyib ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir.
Onun sözlərinə görə, Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək. Daha sonra Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış etdilər. Sonda nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin Bəyannaməsini və Şuranın yeni baş katibinin seçilməsi ilə bağlı sənədləri imzalayıblar.
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Sammiti Azərbaycanda keçiriləcək”
Türk Şurasının baş katibi Bağdad Həmrəyev növbəti Sammitin Azərbaycanda keçiriləcəyini deyib. Lakin sammitin tarixini açıqlamayıb. Həmrəyev xatırladıb ki, Qırğız Respublikasında keçirilən zirvə görüşündə Türk Şurasına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Xatırladaq ki, Türk Şurasına Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə daxildir.
"Ağsaqqal Nazarbayev və qardaşım Əliyevin sayəsində...”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə çıxışı zamanı bildirib ki, 2009-cu ildə Naxçıvan anlaşması ilə qurulan Türk Şurası bu müddət ərzində inkişaf yolu keçib: "Şübhəsiz ki, bu müddətdə türk dünyasının ağsaqqalı cənab Nazarbayev və qardaşım, Azərbaycan Prezidenti cənab Əliyevin çox böyük əməyi oldu. Macarıstanın baş naziri Viktor Orbanı da xüsusilə salamlayıram. Macarıstanın Türk Şurasına və Türk Akademiyasına müşahidəçi üzvlük tələbini və türk dünyasına olan marağını rəğbətlə qarşılayıram”.
"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək”
Ərdoğan bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək: "Türkiyə əvvəllər olduğu kimi Azərbaycana bütün sahələrdə dəstək göstərəcək. Dövlət başçısı bildirib ki, bütün türkdilli dövlətlər münaqişələrin həllinə və dünyada sabitliyin bərqərar olmasına kömək etməlidir”.
"Bakı-Tbilisi-Qars dəmir yolu müasir İpək yoludur”
Türkiyə prezidenti bildirib ki, tikintisi qardaş Azərbaycanla birgə həyata keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu müasir İpək yoludur: "Bu dəmir yolu regionun inkişafına xidmət edəcək vacib nəqliyyat layihələrindən biridir. Azərbaycanla birgə layihə sayəsində Çindən Avropaya fasiləsiz yük daşınması mümkün oldu”.
Ərdoğandan türk dünyasına təklif: "Öz pulumuzla...”
Türkiyə lideri diqqətə çatdırıb ki, son illərdə türk dünyasının geoiqtisadi önəmi daha da artıb: "Orta Asiya 70 milyona yaxın əhalinin yaşadığı, yatırım imkanları geniş olan, yetişmiş insan potensialına sahib, illik milli gəliri ümumilikdə 350 milyard dollardan artıq münbit bir coğrafiyadır. Ancaq türk dünyasının sahib olduğu coğrafi və demoqrafik çəkiyə bərabər bir iqtisadi performans nümayiş etdirə bilmirik. Beynəlxalq ticarətin dollardan asılılığı artıq qarşımıza bir əngəl olaraq çıxmağa başlayıb. Bu baxımdan öz pul vahidlərimizlə ticarət aparılması seçiminə yönəlməyi təklif edirik”.
"VI Sammiti işə başlaması türk dövlətlərinin birgə əməkdaşlığına impuls verəcək”
Sammitlə bağlı "Şərq”ə danışan Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, türk dövlətlərinin siyasi-iqtisadi inteqarsiyası beynəlxalq siyasi böhran fonunda labüddür. Ekspertin sözlərinə görə, mədəni səviyyədə türk dövlətləri birgə əməkdaşlıq edirsə, bu əməkdaşlığı digər sahələrdə də inkişaf etdirmək lazımdır:
"Türk birliyinin formalaşması, dünya düzənində, xüsusi ilə yaşadığımız regionda sülhün və sabitliyin bərqərarına töhfə vermiş olar. VI Sammitinin işə başlaması türk dövlətlərinin birgə əməkdaşlığına impuls verəcək. Bu Sammiti digər tədbirlərdən fərqləndirən cəhət odur ki, Macarıstan da bu Sammitdə iştirak edir. Avropa ölkəsi olaraq, qədim hunlara dayanan macarların Türk Dövlətləri Sammitində iştirakı, türk sivilizasiyasının yenidən canlanmasının nəticəsidir. Bir neçə ildir ki, müəyyən siyasi səbəblərə görə, Özbəkistan Sammitdə iştirak etmirdi. Artıq bu ölkə də sammitdə təmsil olunur. Qeyd edim ki, Rusiyanın tərkibində olan Tatarıstanın sammitdə iştirakı Rusiya ərazisində digər türkdilli respublikalar üçün presedent ola bilər”. Analitik bildirib ki, bundan sonra, növbəti sammitdə Uyğur türklərinin, Krım türklərinin, Moldova qaqauzların növbəti sammitdə iştirakı təşkil edilməlidir: "Azərbaycan,Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tatarıstan və Macarıstan dövlət başçıları bu gün mədəni səviyyədə toplaşa bilirlərsə, sabah siyasi-hərbi müstəvidə birgə əməkdaşlıq formatında asanlıqla bir araya gələ biləcəklər”.
İsmayıl