"Türk nazir müavinin babası sovetlərə qarşı 12 il mübarizə aparıb"

Ceyhun Nəbi:"1932 -ci ilə İran vasitəsilə ilə Türkiyəyə keçdiyini söyləyən tədqiqatçı diqqətə çatdırıb ki, bu qaçaqlar 500 nəfər olub və İmişli, Sabirabad ərazisində 4 min sovet əsgərinə qarşı döyüşüblər"




Azərbaycanda səfərdə olan Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay babasının Azərbaycan parlamentinin qurulmasında rolunun olduğunu bildirib. 

O qeyd edib ki, babası Qaçaq Məhəmməd Gəncəli 1918-ci ildə Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib:

"Mən bundan qürur duyuram. Bütün şəhidlərimizə rəhmət diləyirəm. Yaşasın Azərbaycan-Türkiyə dostluğu” .

Biz də məsələnin tarixi əhəmiyyətini nəzərə alıb onun doğru olub- olmamasını öyrənmək məqsədilə tanınmış tədqiqatçı Ceyhun Nəbi ilə əlaqə saxladıq. 

O "Sherg.az"a açıqlamasında Türkiyə rəsmisinin fikirlərinə münasibət bildirdi:

"Ş.Alpayın babası Gəncə üsyanında iştirak edib. Əsli Samuxun Tomulu kəndiniin arıxlı soyundandır. 1894-cü ildə anadan olub. Onu Qaçaq Məhəmməd Gəncəli deyil, Samuxlu Qaçaq Məmmədqasım kimi tanıyıblar. 1920-ci ldən 1932-ci ilə qədər-12 il ərzində Gəncə, Samux, Şəmkir və yerlərdə sovetlərə qarşı mübarizə aparıb.

 Hətta onun rəhbərlik etdiyi dəstə 1930-cu ildə Şəki üsyanında da iştirak edib. Daha sonra Şəmkirdən olan qaçaqlar - Rüstəm Ramazanoğlu, Təhməz Ramazanoğlu, Quruluqlu Əbdüləli də Şəki üsyanına dəstək veriblər. Bu qaçaqların kəndi indiki Mingəçevir - Şəmkir su anbarının ərazisində yerləşib. O vaxt su anbarları tikiləndə həmin kəndlər suyun altında qalıb. Onu da qeyd edim ki, 1930 -cu ildə Şəmkirdə "Bitdili" üsyanı baş verib. O qaçaqlar həmin üsyanda da iştirak edib".

Samuxlu Qaçaq Məmmədqasımın 1932 -ci ilə İran vasitəsilə ilə Türkiyəyə keçdiyini söyləyən tədqiqatçı diqqətə çatdırıb ki, bu qaçaqlar 500 nəfər olub və İmişli, Sabirabad ərazisində Bakıdan göndərilmiş 4 min sovet əsgərinə qarşı döyüşüb: 

"Sonra oradan İrana keçiblər, İrandan da Türkiyənin Elağız vilayətinə gediblər. Bunu Ş.Alpayın özü də bilir. Amma bir daha təkrar edirəm ki, onun babasının Azərbaycan parlamentinin qurulmasında iştirakına dair heç bir fakt yoxdur. Parlamentin yaradılmasında Hacı Əhməd Nurulzadənin rolu olub. O da "Bitdili" üsyanının qəhrəmanlarındandır. "Əhrar" partiyasının üzvü olub və 1930-cu ildə bolşeviklərə qarşı döyüşüb".

Sonda təqdiqatçı onu da əlavə edib ki, Şuay Alpayın adı Zaqataladan olan bir qaçağın adıdır.

Ayyət Əhməd