Türk ordusu yeni hərbi libasa keçir

“Hər dəfə geyimlər daha da təkmilləşdirilir və müasir dövrün qaydalarına uyğunlaşdırılır”



Türkiyə Prezidenti Ərdoğan və komandirlər tərəfindən hazırlanan yeni hərbi geyim iyul ayına kimi bütün hərbi hissələrə paylanılacaq. Türkiyə mediasına istinadən aldığımız xəbərə görə, "Zeytun budağı” əməliyyatının əvvəlində Baş Qərargah rəisi Hulusi Akar və Ərdoğanın Hataydakı Türk Silahlı Qüvvələrinə ziyarəti zamanı əyinlərinə geyindikləri hərbi geyim mehmetcikin yeni forması olaraq müəyyənləşib.

Hərbi geyimdəki yeni dəyişiklik TSQ-yə sızan FETÖ üzvlərinin 15 iyul 2016-cı ildə buraxdıqları pis izləri aradan götürmək üçün qəbul edilib.
Hərbi geyimin hazırlanmasına Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın əmri əsasında 2016-cı ildə başlanılıb. Nano-texnologiya ilə hazırlanan, əsgərlərin görünməsinə mane olan, ultrabənövşəyi şüalardan qoruyan və yuyulduğu zaman əvvəlki geyimlərlə müqayisədə 8 dəfə tez quruyan parçalardan hazırlanan hərbi geyimlərin yeni dizaynında ən böyük fərq rütbənin qeyd edildiyi yerdir. Adətən çiyinlərdə göstərilən rütbələr Ordu generalı Hulusi Akarın geyindiyi geyimdə yaxanın sağ hissəsində yer aldığı müşahidə edilib. Rütbənin qeyd edildiyi yerin daha kiçik hissəsində isə soyad və qan qrupu qeyd edilib. Hərbi nişanlar isə əvvəlki yerində qalıb.

Pilot tətbiqdən sonra hərbi geyimin yaxasında yer alan rütbələrin yeri yenidən çiyinlərə dəyişdirilib. 15 iyul 2016-ci ildə FETÖ-nün gerçəkləşdirmək istədiyi dövlət çevrilişindən sonra hərbi geyimlərin rəng tonlarında da dəyişikliyə qərar verilib. Dəyişiklikdən sonra türk əsgəri ilk dəfə "Zeytun budağı” əməliyyatında dəyişiklik olunmuş hərbi geyimləri geyinib. Hətta Hava Qüvvələrinin geyindiyi hərbi geyimlərdə də dəyişikliyin olduğu diqqət çəkib. Artıq yeni hərbi geyimlərin kütləvi istehsalına başlanılıb. Uniformaların iyul ayına qədər bütün hərbi hissələrə göndərilməsi və mehmetcik tərəfindən geyinilməsi təmin ediləcək.

Hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, adətən Silahlı Qüvvələr bir neçə ildən mərhələli şəkildə öz geyimində dəyişiklik edir. Hər dəfə də geyimlər daha da təkmilləşdirilir və müasir dövrün qaydalarına uyğunlaşdırılır.

Hərbi geyimlərin öz təyinatına görə fərqli olduğunu vurğulayan R.Məmmədli hər qoşun növünün özünəməxsus geyim növü olduğunu deyib. Onun sözlərinə görə, qoşunların geyimi onların xidmət göstərdikləri əraziyə uyğun dəyişir: 

"Son illər rəqəmsal hərbi geyimlərdən istifadə olunur. Azərbaycan ordusu da məhz bu tipli geyimlərin istifadəsinə başlayıb. Bu geyimlər uzaq məsafədən termal cihazlar vasitəsilə əsgərin görünməsinin qarşısını alır. Bu mənada Türkiyə Silahlı Qüvvələrinin hərbi geyimi təkmilləşdirməsini təqdirəlayiq hesab edirəm. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bir neçə ildir ki, yeni hərbi geyimə keçib. Hərbi qulluqçularımız səhra geyimindən istifadə edirlər. Hətta qərar geyimlərində də dəyişiklik olunub”.

Şəymən