Türkiyə-Ermənistan “barışığı” Qərbin layihəsidir

Bu məsələ birbaşa ABŞ-ın 2008-2009-cu illərdə dövriyyəyə buraxdığı plandır
“ABŞ-ın digər məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır”

"Türkiyə bizə Qarabağla bağlı şərt qoyub”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan
Rusiyanın "Sputnik” agentliyinə müsahibəsində deyib. O bəyan edib ki, Ermənistan-Türkiyə
sərhədlərinin açılması ilkin şərtlər olmadan yalnız İrəvan və Ankaranın birgə istəyi ilə baş tuta
bilər:

"Ola bilsin, mən populyar olmayan nümunə göstərirəm. Lakin istənilən toy və ya ailənin
yaradılması hər iki tərəfin razılığı ilə baş tutur. Sərhədlərin açılması bizdən asılı məsələ deyil”.
Ermənistan prezidenti sərhədlərin açılması üçün Türkiyənin şərtlər irəli sürdüyünü etiraf edib:
"Türkiyə şərt qoyub ki, ən azından işğal olunan bir rayon Azərbaycana qaytarılmalıdır. Bu baş
versə, türklər münasibət qurmağa, sərhədləri açmağa hazırdırlar”. 

İki dövlət arasında sərhəd məsələsinin yenidən gündəmə gətirilməsinə münasibət bildirən politoloq Tofiq Abbasov "Şərq”ə deyib ki, Türkiyə-Ermənistan "barışığı” Qərbə məxsus bir layihədir: 

"Bu məsələ birbaşa ABŞ-ın2008-2009-cu illərdə dövriyyəyə buraxdığı plandır. Əsas hədəf Ermənistana iqtisadi nəfəs vermək və düşmən ölkənin geosiyasi məkanda manevr imkanlarını artırmaqdır. Həmçinin, Ermənistanı Dağlıq Qarabağ problemi çərçivəsində aparıcı dövlətə çevirməkdir. Artıq onların niyyətin gizlətmək qeyri-mümkündür. Qərb diplomatiyası bu yöndə yorulmadan çalışır.
İstəyirlər ki, İrəvanla-Ankara arasında diplomatik əlaqə yaransın”. 

Politoloqa görə, ABŞ-ın digər məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır: 

"Təbii ki, Türkiyənin siyasi elitası bu məsələdə Azərbaycanın mövqeyini nəzərə almadan təkbaşına addım atmayacaq. Çünki 2009- cu ildə bu məsələ gündəmə gətiriləndə Prezident İlham Əliyev çox sərt reaksiya verdi və Qərbin genişmiqyaslı planını alt-üst etdi. Ona görə inanmıram ki, rəsmi Ankara ermənilərin oyunlarına aldansın. Azərbaycan öz prinsipial mövqeyini ortaya qoyub. Bu məsələ yalnız paralel olaraq həll edilə bilər. Düşmən işğal etdiyi torpaqlardan çıxdıqdan sonra Türkiyə ilə Ermənistan
sərhədlərinin açılması müzakirə olunacaq”.

İsmayıl