Qardaş ölkə indi terror bəlası ilə mühasirəyə alınır
Türkiyə asanlıqla idarə olunan, sözəbaxan bir ölkə olduğu müddətcə Qərbin “sevimlisi” idi...
Türkiyənin terrorla mübarizəsi fonunda ənənəvi müttəfiq hesab olunan bir sıra Avropa ölkələri
açıq şəkildə rəsmi Ankaranı ittiham etməyə başladılar. Maraqlıdır ki, Qərb bir tərəfdən
Ankaradan terror təşkilatlarına qarşı sərt mövqe tutmamasını tələb edir, digər tərəfdən isə HDP-li millət vəkillərinin müdafiəsinə qalxırlar.
Xüsusilə Almaniya, Belçika və Lüksemburqdan Türkiyə hakimiyyətinin fəaliyyətindən kəskin
narazılıq ifadə olunur. Rəsmi Berlin açıq şəkildə bildirir ki, Ankara "qırmızı xətti” keçir.
Almaniya hökuməti sadəcə sözdə etiraz etmir. Berlin Türkiyədə haqqında həbs qərarı çıxarılan
HDP-lilərin və FETÖ-çülərin hamısına siyasi sığınacaq verməyə hazır olduğunu bəyan edir.
Hətta iqtisadi sanksiyalar, Avropa İttifaqına üzvlüklə bağlı müzakirələr kontekstində kəskin
ifadələr işlətməkdən çəkinmirlər. Belçika və Lüksemburq siyasi dairələri də analoji
mövqedədirlər. Fransa və Böyük Britaniyanın mövqeyində də Türkiyəni qınama tonu
mövcuddur. Təbii olaraq, rəsmi Ankaranın hadisələrə reaksiyası çox sərt olur. Türkiyə rəhbərliyi
qətiyyətlə bəyan edir ki, terrora qarşı sona qədər mübarizə aparılacaq və kənardan edilən heç bir
təzyiqə dövlət və millət olaraq boyun əyilməyəcək. Ekspertlər Türkiyə-Avropa münasibətlərinin
böhran həddinə yaxınlaşacağını, hadisələrin bundan sonrakı gedişini proqnozlaşdırmağın çətin
olacağını deyirlər. Çünki tərəflərdən heç biri mövqeyindən çəkilmək fikrində deyil.
Bu barədə "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Türkiyə dövləti Avropa Birliyi üçün çox önəmli, geostrateji əhəmiyyəti olan vazkeçilməz ölkədir:
"Qərb dünyasının cənub sərhədləri məhz Türkiyə tərəfindən qorunur. Rusiya, Çin və İranın qarşısında duran yeganə güclü dövlət NATO ölkəsi olan Türkiyədir. Eyni zamanda Türkiyə dinamik topluma sahibdir, sürətli iqtisadi inkişaf dövrünü yaşayır. Getdikcə həm hərbi, həm də iqtisadi cəhətdən güclənir. Türkiyə az müddətdə "Böyük 20-lər”in üzvü oldu. Strateji hədəflərdən biri də "Böyük 8-lər”də təmsil olunmaqdır.
Düşünürəm ki, indiki siyasəti davam etdirərsə, Türkiyə dünyanın ən güclü ölkələri sırasına daxilolacaq”. Ekspertə görə, bu siyasət Türkiyənin "müttəfiqlərini” ciddi narahat edir: "Türkiyə
asanlıqla idarə olunan, sözəbaxan bir ölkə olduğu müddətcə Qərbin "sevimlisi” idi. Ancaq nə
zaman ki, müstəqil siyasətini qurmağa qalxdı, öz müdafiə sənayesini inkişaf etdirməyə başladı,
hərbi cəhətdən müttəfiqlərindən asılılığını minimuma endirdi, qardaş ölkə terror bəlası ilə
mühasirəyə alındı. Fikir verirsizsə, terrorçuların hamısı Türkiyənin müttəfiqləri tərəfindən
dəstəklənir. PKK-nın zərərsizləşdirilməsi yönündə Türkiyənin atdığı ciddi addımlar və İŞİD-ə
qarşı Türkiyənin uğurlu əməliyyatları Qərbi qıcıqlandırır. Bu gün hansısa problemi Türkiyəsiz
həll etmək mümkün deyil”.
N.Miri deyib ki, Türkiyə gücləndikcə, Qərb bu reallığı qəbul edəcək: "Onsuz da Avropa Birliyində ciddi parçalanma müşahidə olunur. Böyük Britaniyanın AB-dən çıxmasından sonra nüfuzlu ölkələrdən daha biri - İtaliya da Birliyin bayrağını dövlət qurumlarından çıxardı. Belə bir şəraitdə Avropa Birliyinin Türkiyəyə daha çox ehtiyacı var, nəinki Türkiyənin Avropa Birliyinə”.
İsmayıl