Arzu Nağıyev: “İkili əlaqələr müəyyən mənada problemin çözülməsinə təsir göstərər”
Türkiyə-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur. Artıq hər iki ölkə ən prinsipial
məsələlərdə belə ümumi razılıq əldə edə bilirlər. Hətta Ankara və Moskva mal və məhsulların alqı-satqısı zamanı lirə və rus rublundan istifadə etmək barədə də razılaşma ərəfəsindədir. Bu arada qarşılıqlı rəsmi təmaslar da artmaqdadır.
Belə ki, Türkiyənin Baş naziri Binəli Yıldırım dekabrın 6-da Moskvada rəsmi səfərdə olub. Eyni
gündə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk axını” layihəsini imzalayıb. Ərdoğanın
bu addımı Rusiya Prezidenti Vladimir Putin tərəfindən yüksək qiymətləndirilib. Bəzi siyasi
təhlilçilər Ankara-Moskva əməkdaşlığının getdikcə dərinləşməsi fonunda Dağlıq Qarabağ
düyününün açılması ilə bağlı fikirlər səsləndirməyə başlayıb. Ehtimallara görə, Yaxın Şərqlə bağlı
perspektivli anlaşmalar iki regional gücün Cənubi Qafqaza dair də bəzi ortaq anlaşmasını şərtləndirə
bilər. Xüsusən, Rusiyanın yeni xarici siyasət konsepsiyasında Qarabağ münaqişəsinin prioritetlər
arasında yer alması, eyni zamanda Çavuşoğlunun Lavrovla görüşündən sonra dərhal Bakıya gələrək
burada mühüm mesajlar verməsi müəyyən hərəkətliliyin olacağına işarə edir. Hadisələrin bu
istiqamətdə inkişafı təbii ki, Ermənistan hakimiyyətinin ciddi narahatlığına səbəb olur.
Məsələni"Şərq”ə şərh edən politoloq Arzu Nağıyev deyib ki, Rusiya-Türkiyə yaxınlaşması ilk növbədə iqtisadi layihələrlə bağlıdır: "Çavuşoğlu və Lavrovun görüşündə əsas müzakirələr iqtisadi məsələlər ətrafında aparıldı. Müzakirələrin başında duran əsas proyekt "Türk Axını” qaz kəmərinin çəkilişidir.
İndiki yaxınlaşmaya baxmayaraq, Yaxın Şərq problemlərində, regional məsələlərdə Moskva ilə
Ankara arasında anlaşılmazlıq davam edir. Sadəcə olaraq, rus qırıcısının vurulmasından sonrakı
dövrə baxsaq, müəyyən yaxınlaşmanın olduğunu deyə bilərik. Ancaq bu o demək deyil ki, Türkiyə
Rusiya ilə yaxınlaşmaq məqsədi ilə gözlənilməz addım atacaq. Türkiyə NATO-nun üzvüdür. Rusiya
isə hərbi alyansa qarşı çıxan bir ölkədir. Eyni zamanda Suriya məsələsində yaradılan Rusiya-İran
koalisiyası da Türkiyənin qəbul etmədiyi məqamdır”. Ekspertin fikrincə, Türkiyə münaqişənin həlli
ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvüdür: "Təbii ki, qardaş ölkə problemin həllini istəyir.
Münasibətlər əsnasında Rusiya Ankaradan vassalı Ermənistanla sərhədlərin açılmasını xahiş edə
bilər. Bunun müqabilində isə Türkiyə münaqişənin həlli ilə bağlı Moskva qarşısında öz tələbini,
xahişini ortaya qoyar. Yəni ikili əlaqələr müəyyən mənada problemin çözülməsinə təsir göstərər.
Ancaq iki dövlətin yaxınlaşması münaqişənin tamamilə həll ediləcəyi anlamına gəlməməlidir.
Rusiya özünü SSRİ-nin varisi kimi təqdim edir. Bilirik ki, regiondakı əksər münaqişə ocaqları sovet
imperiyasının "yadigarıdır”. Əgər Rusiya varislikdə iddialıdırsa, onda Qərbin də tələbinə uyğun
olaraq, mövcud münaqişələri həll etsin. Rusiya münaqişənin həllində açar fiqurdur”.
İsmayıl