Türkiyə türkcəsini bir ilə tam öyrənə bilərik

Belə olan halda digər türk xalqları ilə ünsiyyət yaratmaq üçün kənar dillərə ehtiyac qalmayacaq



Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan "Azərbaycanla Türkiyə hökumətləri arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətlər haqqında” saziş müəyyən mübahisələrə səbəb olub. 

Məsələ ətrafında ilk çıxış edən millət vəkili Fazil Mustafa Azərbaycanda türk dilinin əcnəbi dillərlə - ingilis, rus, fransız dilləri ilə eyni tutulmasının yanlış olduğunu bildirib. Deputatın sözlərinə görə, mədəniyyət sahəsində əlaqələri gücləndirmək istəyiriksə, dildən başlamalıyıq: "Azərbaycan dili Türkiyədə, türk dili isə Azərbaycanda əcnəbi dil sayılmamalıdır”. 

Digər millət vəkili Siyavuş Novruzov da çıxışında türk dilinin başqa əcnəbi dillərlə eyni statusda qəbul edilməsinin əleyhinə çıxıb: 

"Azərbaycan və türk dilləri o qədər yaxındır ki, onları fərqli dillər hesab eləmək doğru deyil. Türk dilində çıxışlar olanda kim onu başa düşmür ki? Hərdən millət vəkilləri arasında keçirilən anket sorğularına nəzər salanda adam təəccüblənir. Bəzi deputatlar "Hansı xarici dil bilirsiniz?” qrafasında türk dilini də əlavə edirlər. Mən başa düşürəm, hüquqi baxımdan bu, belə ola bilər. Ancaq mənəvi tərəfdən yox. Çünki bu, bir dəyərdir”. S.Novruzov türk filmlərinin dublyaj olunması məsələsinə də münasibət bildirib: "Türk filmlərinə baxırıq, o filmləri elə dublyaj edirlər ki, məna-məzmun tamamilə itir. Ən yaxşısı, filmləri Azərbaycan dilində subtitrlərlə verməkdir. Mən də hesab edirəm ki, türk dili xarici dil kimi qəbul olunmamalıdır”.

Parlamentdə müzakirə olunan məsələ ilə bağlı "Şərq”ə danışan xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı da türk dilinin əcnəbi dil siyahısında olmasını doğru saymayıb. Onun fikrincə, türk dilində mövcud olan müəyyən sözlərin anlaşılması çətinlik yaradır. 

Bu baxımdan Türkiyə türkcəsi Azərbaycanda, eləcə də Mərkəzi Asiyanın türkdilli ölkələrində "qardaş Türkiyə türkcəsi” adı ilə bir il öyrədilməlidir: "Bu, çox zəruridir. Bir il kifayətdir ki, dildə olan müəyyən fərqli ifadələr şagirdlər tərəfindən öyrənilsin. Belə olan halda digər türk xalqları ilə ünsiyyət yaratmaq üçün kənar dillərə, rus dilinə ehtiyac qalmayacaq. Zaman keçdikcə öyrəndiyimiz Türkiyə türkcəsi imkan verəcək ki, bütün türklərlə yaxın münasibət quraq, bir-birimizi anlayaq. Həm də bu prosesdə dillərimizə qarşılıqlı şəkildə söz axını olacaq. 

Bu da gələcəkdə ortaq türk dilinin formalaşmasında mühüm rol oynayacaq. "Azərbaycan dili ayrıdır, onu qoruyaq, sədd çəkək, heç bir dildən söz keçməsin” yanaşması düzgün deyil. Məhz o zaman türk dilləri arasındakı fərqlər getdikcə daha da artacaq. Ümumi Terminologiya Komitəsi yaratmaq lazımdır ki, yeni gələn sözlər həm Azərbaycan və Türkiyədə, həm də digər türk respublikalarında vahid formada qəbul olunsun. İndiyə kimi ayrılıqlar, fərqliliklər olub, amma bundan sonrakı prosesləri koordinasiya etmək çox vacibdir”.

S.Rüstəmxanlının sözlərinə görə, əgər biz Türkiyə və Azərbaycan münasibətlərini "bir millət, iki dövlət” prinsipi ilə tərənnüm ediriksə, dilimizin türk dili olduğunu söyləyiriksə, Azərbaycanda göstərilən Türkiyə film və seriallarının heç biri dilimizə dublyaj edilməməlidir: 

"Türkiyə türkcəsi ilə birbaşa verilən filmlər Azərbaycanla Türkiyə arasındakı körpüləri və ünsiyyəti daha da sıxlaşdırır. Həmin filmlər məktəb kimidir, uşaqlarımız onların vasitəsi ilə türk dilini öyrənərlər. Bunun Azərbaycan dilinə nə ziyanı var ki?”

İsmayıl