"Türkiyədə Avropa dövlətlərinin çoxsaylı agenturası iş aparır”

"Türkiyədə elə vəziyyətdir ki, ölkədə Avropa dövlətlərinin çoxsaylı agenturası iş aparır”.
Bunu Sherg.az-a Türkiyə və Almaniya arasında pik həddə çatan gərginliyin səbəblərini izah edərkən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib. 
O bildirib ki, alman hüquq müdafiəçisinin Türkiyədə saxlanması əsassız deyil:
"Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra qardaş ölkədə insan hüquqları ilə bağlı Qərb dairələrində ciddi müzakirələr aparılmağa başladı. Hətta Türkiyə ərazisində fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin işçiləri də əhali arasında təbliğat aparmağa başladılar. Müxalifətə qarşı hökumətin siyasi mövqeyindən, insan hüquqlarının pozulmasından və s. danışırdılar. Təbii ki, bu sistemli, planlaşdırılmış aksiyadır.
Hətta Türkiyədə konstitusiyaya dəyişikliklər ərəfəsində Qərb ölkələrindən olan emissarlar Türkiyədə həddindən artıq fəallaşmışdılar. Onlar açıq şəkildə xalqın referenduma qarşı çıxması üçün təbliğat işləri aparırdılar. Bunun isə başlıca səbəbi geosiyasi səbəbdir. Qərb Türkiyəni müstəqil siyasət yeridən dövlət kimi görmək istəmir. Rəcəb Tayyib Ərdoğana qədər Türkiyəyə diqqət yetirsək görərik ki, idarə olunan ölkə idi. Türkiyədə parlamentli respublikadan imtina Qərbi çox narahat edirdi. Çünki parlamentdə qərbin siyasi təsiri altında da ola biləcək müxtəlif siyasi qüvvələr təmsil oluna bilirdi. 
Qərb də maraqları tələb etdiyi təqdirdə, Türkiyənin idarəetmə sisteminə, mövqeyinə, proseslərə təsir edə bilirdilər. Amma parlamentli respublikadan prezidentli respublikaya keçid artıq bu imkanları Qərbin əlindən çıxarır. Bu baxımdan Türkiyədə daxili gərginlik yaratmaq üçün Qərb əlindən gələni etməyə çalışacaq”.
Politoloq əlavə edib ki, almaniyalı hüquq müdafiəçisi də konkret səbəb əsasında saxlanılıb:
"Hesab edirəm ki, Türkiyə və Qərb ölkələri arasında soyuqlaşma müşahidə olunur. Ümumiyyətlə, qlobal siyasi proseslər də onu deməyə əsas verir ki, bu soyuqlaşma davam edəcək. Çünki Türkiyənin qəbul etdiyi ən optimal yol Rusiya ilə yaxınlaşmadır. Bu isə Qərbdən uzaqlaşmaq məntiqinə uyğun gəlir”.
Qeyd edək ki, Türkiyənin Almaniyadakı səfirinin Almaniya XİN-ə çağırılmasından sonra bu ölkələr arasındakı gərginlik pik həddə çatıb. Buna isə Almaniyanın insan hüquqlarının qorunması ilə məşğul olan nümayəndəsinin Türkiyədə saxlanılması səbəb olub.
Aysel Aslan