Türkiyədə erkən seçkilər təhlükələrin önünü kəsəcək

İndidən MHP-AKP ittifaqının xeyli səs toplaya biləcəyi iddia edilir
Hasan Oktay: “Ana müxalifət partiyası seçkiyə hazır deyil. Xüsusən, 1 il 5 ay önə çəkilmiş seçki CHP üçün həddindən artıq çətinliklər deməkdir”



Ötən gün Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin 2018-ci ilin iyunun 24-də erkən seçkiyə gedəcəyini açıqlayıb. Qərarla bağlı mətbuata danışan baş nazir Binəli Yıldırım erkən seçkilərin vətəndaşların gözləntisi olduğunu deyib. Yıldırımın sözlərinə görə, parlament sistemi dəyişdirildikdən sonra yeni sistem öz əksini konstitusiyada tapıb və bəzi maddələr qüvvəyə minib. Həmin maddələrdə erkən seçkilərin keçirilməsi məsələsi də var.

Hökumət nümayəndəsi hesab edir ki, dəyişikliyin tezliklə qüvvəyə minməsi və faktiki vəziyyətin konstitusiya ilə uyğunlaşdırılması zəruridir. Baş nazirin müavini Bəkir Bozdağ isə vurğulayıb ki, erkən seçki qərarı ölkəmizə qarşı qurulan tələləri boşa çıxaran bir həmlədir. Onun sözlərinə görə, Türkiyədə ssenarini artıq başqaları deyil, millət özü yazacaq. Erkən seçim qərarından dərhal sonra namizədlər irəli sürülməyə başlanılıb. MHP lideri Dövlət Baxçalı növbədənkənar seçkilərdə hazırkı prezident Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bəyan edib. İYİ partiyanın sədri Meral Akşener isə seçkidə öz namizədliyini irəli sürəcəyini açıqlayıb.

 CHP lideri Kamal Kılıçdaroğlu isə qarşıdakı günlərdə partiya məclisində namizədlə bağlı qərar veriləcəyini deyib. Siyasi şərhçilər məsələyə müxtəlif yanaşma sərgiləyirlər. Bəziləri erkən seçki qərarının riskli olduğunu desələr də, əksəriyyət növbədənkənar seçkinin bir çox təhlükələrin önünü kəsəcəyini söyləyirlər. Seçkinin nəticələri barədə danışanlar isə hakim AKP-ni daha şanslı görürlər. Xüsusən, uğurlu Afrin əməliyyatından sonra iqtidar partiyasının nüfuzunun artdığı, MHP-AKP ittifaqının xeyli səs toplaya biləcəyi iddia edilir. 

İlkin rəy sorğusuna görə, AKP-MHP koalisiyası ümumi səslərin 56 faizinə sahibdir. Əlbəttə, rəy sorğusunun özünü seçkidə nə dərəcədə doğruldacağını indidən demək çətindir. Hər halda qardaş Türkiyə çox çətin bir dönəmə daxil olub. NATO dövlətləri ilə münasibətlər korlanıb, ABŞ-la əlaqələr gərginləşib. Rusiyaya meyillənmə Qərb dünyasında Türkiyəyə qarşı qəzəb yaradıb. Belə çətin bir şəraitdə reytinqin hansı səviyyədə olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

Qardaş ölkənin ictimai-siyasi həyatında böyük səs-küyə səbəb olan erkən seçimlə bağlı "Şərq”ə danışan türkiyəli professor, Beynəlxalq "VİZYON” Universitetinin prorektoru Hasan Oktay deyib ki, seçkilər prosedura uyğun olaraq 2019-cu ilin noyabr ayında keçirilməli idi. Ancaq 1 il 5 ay ərzində Türkiyəyə qarşı təzyiqlərin, hansısa əməliyyatların təşkil olunacağı ehtimalı nəzərə alınaraq seçkinin önə çəkilməsi uyğun görüldü: 

"Seçkiləri manipulyasiya edərək Türkiyədə qarışıqlıq yarada, idarəetməni zəiflədə, veriləcək qərarlara təsir göstərə bilərdilər. Bu ehtimalları və riskləri yox etmək üçün Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı növbədənkənar seçkini hökumətə təklif etdi. MHP lideri seçkinin avqust ayında keçirilməsini təklif etsə də, prezident Ərdoğanla görüşdən sonra iyun ayına təyin olunmasına qərar verildi. 

Ərdoğan Baçxalının təklifini partiyasının səlahiyyətli şəxsləri ilə müzakirə edərək qəbul etdi. Əslində Ərdoğan özü də seçkilərə kimi hansısa sıxıntılar yarana biləcəyini görürdü. Bu səbəbdən Baxçalının təklifini çox düşünmədi və geri çevirmədi”.

Professorun sözlərinə görə, ana müxalifət partiyası sayılan CHP hər zaman növbədənkənar seçki arzusunda olub və bunu dəfələrlə dilə gətirib: "Lakin yeni dönəmdə CHP erkən seçkilərə qarşı çıxmağa başlayıb. Çünki ana müxalifət partiyası seçkiyə hazır deyil. Xüsusən, 1 il 5 ay önə çəkilmiş seçki CHP üçün həddindən artıq çətinliklər deməkdir. 

Ona görə də prezident və parlament seçkilərinin ana müxalifət partiyası üçün mürəkkəb keçəcəyini demək olar. Ümumi anlamda ölkə müxalifəti bu seçkilərə etiraz edəcək. Müxalif partiyalar gözlənilməz seçkinin qəbuledilməz olduğunu iddia edərək, alınan qərardan narazı olduqlarını dilə gətirəcəklər. İstənilən halda hakim AKP ilə MHP-nin ittifaq halında seçkilərə girməsi milliyətçilər və sədr Dövlət Baxçalı üçün həqiqi yenilik olacaq”.

İsmayıl