Türkiyədə müzakirəyə çıxarılan qanun ortalığı qarışdırdı

Bu qərar qadına qarşı təkrar zorakılığa rəvac verməkdən başqa bir şey deyil
“Zorlayan şəxsə qurbanı ilə evlənərək cəzadan xilas olmaq imkanı verilir” cümləsi məşhurların da etirazına səbəb olub

Türkiyə Böyük Millət Məclisində zorlanma hadisəsindən sonra qurban və cinayətkarın
evlənməsi barədə qanun təklifinin təsdiqlənməsi mübahisələr yaradıb. Türkiyə mətbuatına
istinadən aldığımız məlumata görə, Cinayət Məcəlləsinə əlavə olunması müzakirə edilən
"zorlayan şəxsə qurbanı ilə evlənərək cəzadan xilas olmaq imkanı verilir” cümləsi məşhurların
da etirazına səbəb olub. 

Qeyd edək ki, hakim "AK Parti” tərəfindən irəli sürülən təklif MHP və
CHP-nin sərt etirazına səbəb olub. Təklif ilk səsvermədə qəbul edilib. TBMM-də açıq səsvermə
tələbindən sonra yetərli 184 səsi ala bilməyən təklifə gələn həftə yenidən baxılacaq.
Sosial şəbəkələrdə geniş rezonans doğuran bu təklif Türkiyədə geniş müzakirələrə səbəb olub.
Bu müzakirələrə məşhurlar da qatılıblar. Ən sərt reaksiyanı isə aktrisa Ceyda Ateş verib:
"Maraqlı gəldi. Sənin anana, bacına, qızına, ya da arvadına təcavüz etsələr, nə hiss edəcəksən?
Zövq alacaqsan?”

Burçin Tərzioğlu isə hesab edir ki, ölkə "ən pis halda evlənərəm” deyib ortada gəzən
manyaklarla dolacaq: "Bir az vicdan... İmza atmağa necə əlin gəldi?”.
Demet Akalın da öz feysbuk hesabında belə yazıb: "Övlad böyüdən, qohum uşağı olan hər kəs
buna etiraz etməlidir”.
Merve Büyüksaraç: "Bu gün Türkiyə tarixinə qara bir ləkə kimi qalacaq!!! Lənət olsun! Biz
qızlarımızı onlara göz qoyan kişilərdən necə qoruyacağıq?”
Ayça Varlıər isə hesab edir ki, Türkiyə mədəni qanunların aradan götürülməsi tələbi ilə orta
əsrlərə doğru gedir.
Nurgül Yeşilçay: "Bu manyaklığı düşünmək utandırarkən, danışmaq, təsdiqləmək mümkün olan
bir şey deyil”.
Qardaş ölkədə müzakirə olunan qanun layihəsinə biganə qalmayan azərbaycanlılar da sosial
şəbəkələrdə bu barədə fikir mübadiləsi aparıblar. Belə bir qanun layihəsinin TBMM-də
müzakirəyə çıxarılmasından təəssüflənən istifadəçilər hesab edir ki, qanun qəbul olunacağı
halda hər bir kişi evlənmək istədiyi qadına təcavüz edib, sonra da onunla evlənmək istədiyini
deyib, məsuliyyətdən yayınacaq. Onun günahının bədəlini isə qadın çəkəcək. Yəni istəmədiyi
bir şəxslə cinsi əlaqədə olması azmış kimi bir ömür həmin adamla yaşamağa məhkum olacaq.

"Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova bu qərarın
təcavüzə məruz qalan qadınların psixoloji durumuna heç bir fayda verməyəcəyini deyib:
"Təcavüz o deməkdir ki, qadın istəmədiyi halda kişi onunla zorla cinsi əlaqədə olur. Zorlanan
qadın isə psixoloji travma alır.  Əgər zorlanan qadın onu zorlayan kişiyə ərə verilsə, bu, həmin qadına çox böyük bir zülm olar.Çünki bu halda qadın ömür boyu unuda bilməyəcəyi ən pis insan və nifrət etdiyi kişi ilə ailəqurmalı olur. Yəni evlənəcəyi halda isə həmin qadın hər gün həmin hadisənin təsiri altında qalacaq və bir qadın olaraq heç vaxt xoşbəxtliyin nə olduğunu bilməyəcək.TBMM-də müzakirə olunan bu məsələnin yeni tapıntı olmadığını vurğulayan M.Zeynalova 1901-ci ildə İngiltərənin Lordlar Palatasının İnsan Alveri əleyhinə Konvensiya qəbul etdiyini və həmin Konvensiyada bakirə qızları satan və ya ona təcavüz edən şəxslərin evlənəcəyi halda cinayət məsuliyyətindən azad olunması əsas şərtlərdən biri olaraq qoyulmuşdu: "Görünür,TBMM-də bu təklifi irəli sürən millət vəkilləri sözügedən Konvensiyanı oxuyub və həmin ideyanın Türkiyədə reallaşmasını istəyib”.

Sözügedən təklifin diskriminasiya xarakterli olduğunu vurğulayan Birlik rəhbəri deyib ki, ona
təcavüz edən biri ilə evlənən qadın həyatını psixoloji gərginlik və qorxu içərisində keçirəcək.
Onun sözlərinə görə, insan psixologiyasını bilən şəxs heç vaxt bu cür təklif verməzdi. Ola bilsin
ki, millət vəkilləri bu təklifi bir cəza növü kimi irəli sürüblər. Halbuki bu qərar qadına qarşı
təkrar zorakılığa rəvac verməkdən başqa bir şey deyil. Yəni TBMM bu təklifi qəbul etməklə
cinayətkarı mükafatlandırmış olur.

Şəymən