“...Türkiyədə növbəti həbslərin şahidi olacağıq”





"İstanbulda bələdiyyə seçkisinin nəticələrinin bu qədər yubanması adi hadisə deyil”.

Bunu "Sherg.az”a açıqlamasında Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri deyib.

Analitik bildirib ki, bələdiyyə seçkisindəki saxtakarlıq və qanun pozuntuları sadəcə bir-iki qəsəbə ilə yekunlaşmır. Prosesdə qlobal şəbəkələrin, xüsusi xidmət orqanlarının və FETÖ-nün əlinin olduğu söylənilir:

"Seçki günü oynanılan oyun əvvəlcədən planlaşdırılıb. Məsələ sadəcə seçkinin saxtalaşdırılmasından ibarət olmadığı üçün artıq Türkiyədə hüquqi prosedur başladılıb. YSK seçkinin yenidən keçirilməsinə qərar versə belə Türkiyədə növbəti həbslərin şahidi olacağıq. Hesab edirəm ki, seçki ilə bağlı yaşanan arzuolunmaz proseslərin bir ucu ölkədən xaricə uzanır. Bu baxımdan prosesə sadəcə yerli seçki orqanlarının müəyyən edilməsi kimi baxmaq doğru deyil. 

Çünki İstanbul və Ankaranın AKP-dən alınması planı gələcək parlament və prezident seçkilərinə hesablanmış bir proqramdır. Bütün bunlar isə Türkiyənin zəifləməsinə, Ərdoğanın hakimiyyətdən getməsinə yönəlmiş addımlardır. Məsələyə "AKP-nin iqtidarı əldən buraxmaq istəməməsi” kimi yanaşmaq cılız mövqedir. YSK İstanbulda təkrar seçki ilə bağlı qərar verməlidir”.

Ekspert vurğulayıb ki, Türkiyə kifayət qədər güclü dövlətidir:

"Əmin olun ki, bu prosesdən də güclənərək çıxacaq. Ölkədə sosial-siyasi qarışıqlıq yaratmaq istəyənlər var. ABŞ-ın və Avropa dövlətlərinin rəsmiləri sosial şəbəkələrdə açıq-aşkar təxribatçı açıqlamalar verir, ictimaiyyəti etiraza səsləyirlər. 

Qərb dairələri istəyirlər ki, Ərdoğanın başı daxili proseslərə qarışsın və regiondakı məsələlərə müdaxilə etmək imkanı olmasın. Şübhəsiz, hakim partiyanın rəhbərliyi bunun fərqindədir. Türkiyə hüquqi müstəvidə bu problemin öhdəsindən gəlməyə qadirdir”.

İsmayıl