“Reina” qatilinin Qərbə doğru qaçması, yaxud kimlərsə tərəfindən yunan adalarına qaçırılması təsadüfi deyil
"Terror təşkilatları və onların arxasındakı güclərin məqsədi ictimaiyyəti qorxutmaq, cəmiyyətdə vahimə yaratmaqdır”
Yeni il gecəsi İstanbulun məşhur "Reina” gecə klubunda qətl törədən terrorçunun Türkiyədən qaçması barədə xəbərlər yayılıb. Terrorçunun izinə düşən polis onun ölkədən çıxması qənaətinə
gəlib. Xüsusi xidmət orqanlarının da qoşulduğu axtarışlar zamanı məlum olub ki, terrorçu hadisədən sonra dəfələrlə taksi dəyişdirərək İstanbulun Zeytinburnu adlanan hissəsinə gəlib. Yanvarın 1-də isə o, Yeni Qapı meydanının yaxınlığında ailə təsiri bağışlayan iki nəfərlə qayığa minib.
Buradan Balıkesirə gedən terrorçu dərhal yunan adalarına qaçırılıb. Qatilin Avropa ölkələrindən birinə qaçacağı ilə bağlı məlumat əldə edən hüquq-mühafizə orqanları axtarışları Egey dənizində də davam etdiriblər. Məlumat əsasında Bodrum, Mərmərə və Datça sahillərində geniş təhlükəsizlik tədbirləri gücləndirilib. Həmçinin, İsrailə hərəkət edən karqo gəmilərində də terrorçunun axtarışları davam etdirilir. Qanlı hadisənin Qərb ölkələri tərəfindən planlaşdırıldığını vurğulayan türkiyəli ekspertlərin fikrincə, qatilin Avropa istiqamətində qaçırılması təsadüfi deyil. Onların sözlərinə görə, müəyyən dairələr terrorun izini itirmək üçün cinayətkarı aradan götürməyə çalışırlar.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, terrorçu şəbəkələrin Qərb dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən yaradıldığı və bəslənildiyi heç kimə sirr deyil:
"Onlar əvvəlcə vəziyyəti qarışdırır, sonra durumu düzəltmək adı altında prosesə istədikləri kimi müdaxilə edirlər. Nəticədə törədilən hadisələrin izi itir, istintaq dalana dirənir. Vaxtı ilə terror ünvanlı sistem xarakteri daşıyırdı. Birinci Dünya Müharibəsinə qədər Avropa ölkələrində, Rusiyada siyasi dairələr terrordan konkret obyektləri, şəxsləri aradan götürmək üçün istifadə edirdilər. İndi isə terrorun obyekti sivil, günahsız insan toplumlarıdır. Müasir terrorçular daha çox kütləni, ictimai yerləri hədəf alırlar. Əlbəttə, burada məqsəd başqadır. Terror təşkilatları və onların arxasındakı güclərin məqsədi ictimaiyyəti qorxutmaq, cəmiyyətdə vahimə yaratmaqdır. Çünki özünü təhlükədə hiss edən toplumlar hakimiyyətə qarşı etiraz edir, etimadsızlıq göstərir. Yəni indiki terrorların arxasında siyasi baxışlar durur”.
Ekspertə görə, dəfələrlə baş verən terror aktlarında bütün izlər Qərbin kəşfiyyat orqanlarına gedib çıxır. Ona görə də qatilin Qərbə doğru qaçması, yaxud kimlərsə tərəfindən yunan adalarına qaçırılması təsadüfi deyil: "Amma dünya balacalaşıb. İstənilən cinayətkar müxtəlif variantlardan istifadə edərək bir müddət gizlənə bilər. Lakin terrorçunun əvvəl-axır yaxalanacağı şübhəsizdir. Əsas məsələ terroru maliyyələşdirən dairələrin, ölkələrin adlarının ictimaiyyətə açıqlanmasıdır. Suriyada, İraqda və digər bölgələrdə məskunlaşan terror təşkilatlarının bütün təminatı məhz qüdrətli dairələr tərəfindən ödənilir. Çox güman ki, həmin güclər hadisənin gün üzünə çıxmasına mane olmağa çalışacaqlar. Amma istənilən halda terror aktının arxasındakı əllər ortaya çıxarılmalıdır. Əks halda bənzər faciələr yenidən yaşana bilər. Hesab edirəm ki, Türkiyənin kəşfiyyat orqanları kifayət qədər bacarıqlı, peşəkar və texniki baxımdan təchizatlıdır. Ümid edirik, tez zamanda terror aktının üzərindəki sirr pərdəsi qalxacaq”.
İsmayıl