"Türkiyənin bizimlə birgə savaşa girəcəyini düşünmək..." - Sabir Rüstəmxanlı





"Dövlətimizin tərkibində Bakı şəhəri varsa, bu şəhər paytaxtımızdırsa, bunu vaxtilə Nuru Paşanın komandanlığında Azərbaycana köməyə gələn türk ordusuna borcluyuq”.

Bunu "Sherg.az”a Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun " Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır"fikirlərini şərh edərkən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı deyib. 

Azərbaycan Cümhuriyyətinin 100 illiyini xatırladan S.Rüstəmxanlı Türkiyə dövlətinin hazırda da Azərbaycana dəstək olduğunu qeyd edib:

"Türkiyə iqtisadi, siyasi, mənəvi cəhətdən Azərbaycana dəstək göstərən ölkədir. Halbuki beynəlxalq məqamları, razılaşmaları da nəzərə almaq lazımdır. Bu razılaşmalar Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərir. Ona görə, Azərbaycanın hansı addım atmasından asılı olmayaraq, Türkiyənin çiyin-çiyinə bizimlə birgə savaşa girəcəyini düşünmək olmaz. Hərbi proseslərdə Türkiyənin nə dərəcədə Azərbaycanın yanında olacağı müzakirə mövzusu deyil”.

Sabir Rüstəmxanlının fikrincə, Türk rəsmilərin "Biz hər zaman Azərbaycanın yanındayıq” ifadələri kifayət qədər ciddi bəyanatdır:

"Amma qeyd etdiyim kimi, hər şey müəyyən qanun və anlaşmalarla təmin edilir. İzləmək lazımdır ki, Azərbaycan-Türkiyə rəsmi sənədlərdə hansı səviyyədə müəyyən olunub. Həmin sənədlərdə hər şey aydın göstərilir”.

Qeyd edək ki, M. Çavuşoğlu bütün sənədlərdə Dağlıq Qarabağ problemi ilə bağlı qəti şəkildə qərarların əksini tapdığını xatırladıb. Nazir bildirib ki, bu münaqişə sülh, barışıq yolu ilə tezliklə həll edilməlidir. Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır.

Aysel Aslan