Elman Nəsirov: "Onlar heç bir halda Yaxın və Orta Şərqdə Türkiyə kimi güclənmiş müsəlman ölkəsi görmək istəmirlər"
"Türkiyədə referendumu keçirtmək üçün Rəcəb Tayyib Ərdoğan türk xalqının etimadını qazanıb”.
Bunu Sherg.az-a Türkiyədə keçiriləcək referendumun nəticələri və beynəlxalq arenada necə qarşılanmasına münasibət bildirərkən, millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Türkiyə rəhbərliyi referendumun keçirilməsinə ehtiyac olduğunu düşünür:
"Referendumun məqsədi parlamentli respublikadan prezidentli respublikaya keçidi reallaşdırmaqdır. Xüsusilə, son hadisələr, Türkiyədə terror aktlarının sayının artması, 15 iyulda dövlət çevrilişinə cəhd - bütün bunlar göstərir ki, qardaş ölkədə şaquli hakimiyyətin möhkəmlənməsinə bu gün daha böyük ehtiyac duyulur. Bu məntiqlə də həmin referendum həyata keçiriləcək. Avropa İttifaqı (Aİ) Türkiyəni ön sıralara daxil etməmək üçün referendumun guya bu ölkədə demokratiyanı boğacağını deyərək yeni iradlar kəşf edir. Hətta cənab R. T. Ərdoğan çıxışlarının birində qeyd etmişdi ki, Aİ xristian klubuna çevrilib. Türkiyə isə müsəlman ölkəsi olduğuna görə, onun inkişafının qarşısını almağa çalışır. Hətta yadımdadır ki, Türkiyə baş naziri: "Biz Aİ-nin irəli sürdüyü bütün təklifləri yerinə yetirərək, təyyarəyə minib, Brüsselə uçduqda, təyyarə havada olarkən belə xəbər gəlir ki, siz filan məsələləri də etməlisiniz” – deyə açıqlama vermişdi. Bu da sübut edir ki, onların iradları tükənmir. Çünki məqsədləri başqadır. Onlar heç bir halda Yaxın və Orta Şərqdə Türkiyə kimi güclənmiş müsəlman ölkəsi görmək istəmirlər”.
Qardaş ölkədə reallaşacaq referendumun nəticəsində ölkə idarəçiliyində baş verəcək dəyişiklikləri açıqlayan E. Nəsirov başlıca olaraq prezidentli respublikaya keçidin reallaşacağını deyib:
"Türkiyə böyük millət məclisində deputatların sayı 600-ə qalxmış olacaq və Baş Nazir postu ləğv olunur. Eyni zamanda ölkə prezidenti daha geniş səlahiyyətlərə malik olur. Bu da Türkiyəyə qarşı bugünkü təzyiqlər və ona qarşı hazırlanan təxribatçı ssenarilər fonunda daha güclü hakimiyyəti təmin edə bilər. Hesab edirəm ki, o qüvvələr Türkiyənin əleyhinədir ki, onlar Türkiyənin güclənməsini istəmir. Bu təzyiqlərin Türkiyədə referendum keçirilməsinin heç bir təsiri olmayacaq. Aprelin 16-da Türkiyədə referendum keçiriləcək. Türkiyə prezidentinin cəmiyyətdəki xüsusi nüfuzunu nəzərə alıb, Ədalət və İnkişaf Partiyasının 2003-cü ildən bəri hər seçkilərdə qalibiyyətini nəzərə alsaq, Türkiyədə bu referendumun uğurla başa çatacağına inanmaq olar. Ərdoğan hakimiyyətinin 2023-cü ildə Cümhuriyyətin 100 illiyi ilə bağlı hədəfləri var. Ölkənin ümumdaxili məhsulunu 2 trilyon dollara çatdırmaq hədəf seçilib. Bu isə Böyük Britaniya və Almaniya ölkələri ilə eyni səviyyə deməkdir. Bununla bərabər ölkənin ixrac potensialını 500 milyard dollar çatdırmağa çalışırlar. Çox böyük göstəricilər olduğundan bunları görən bəzi dairələr xoflanmağa başlayıb. Ona görə, Türkiyəyə qarşı müəyyən təsirlər etməyə çalışırlar. Referendumun nəticələrinin şübhə altına alınması da qərəzlərdən biridir”.
Qeyd edək ki, Türkiyədə çoxdandır planlaşdırılan referendumun bu il aprel ayının 16-da keçirilməsi nəzərdə tutulub.
Aysel Aslan