Tarixçi 1926-cı ildə imzalanmış Ankara müqaviləsindən danışdı
Son zamanlar İraqda Kərkük və Mosul ətrafında ciddi olaylar yaşanmaqdadır. İraqın şimalındakı kürd muxtariyyətinin qanunsuz keçirdiyi referendum bölgədəki vəziyyəti bir qədər də gərginləşdirib. Paralel olaraq Türkiyənin bu hadisələrdə oynadığı rolun siyasi və hüquqi aspektləri yenidən müzakirə mövzusuna çevrilib.
Məlumat üçün bildirək ki, Osmanlı imperiyası dağıldıqdan sonra Mustafa Kamal Atatürkün başçılığı altında aparılan müharibələrdə Türkiyə indiki ərazi bütövlüyünü əldə etdi və Lozanna müqaviləsi ilə dünya birliyi tərəfindən tanındı. Fransa ilə indiki Suriya, Böyük Britaniya ilə isə İraqla olan sərhədlər çəkildi. Burada ən önəmli nüans Mosul və Kərkük problemi idi. 1918-ci ildə müharibədə məğlub olmuş Osmanlı ilə qalib dövlətlər arasında imzalanan Mudros atəşkəsinə görə, Mosul və Kərkük hələ də Osmanlı dövlətinin sərhədləri daxilində idi. Bu problem 1926-cı il Ankara müqaviləsinə qədər həll edilə bilmədi. Ankara müqaviləsində əldə edilən razılığa görə, İraq ilə indiki sərhədlər dəqiqləşdi və bu sərhədlərin pozulmaması barədə tərəflər biri-birlərinə təminat verdilər. Son zamanlar "Türkiyənin İraqa müdaxilə haqqının olmaması” iddiasına qarşı rəsmi Ankara tarixi sənəd olan "Misak-i Milli”ni yenidən gündəmə gətirib. Əslində türkcə "Milli and” adlanan sənəd qardaş ölkə ictimaiyyətində dəfələrlə müzakirə edilib.
Bəs "Misak-i Milli” nədir və bu sənəd Türkiyəyə hansı haqları tanıyır?
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən tarixçi-alim Kərəm Məmmədov deyib ki, Birinci Dünya Müharibəsindən sonra bir çox müqavilələr imzalanıb və dünyanın xəritəsi yenidən formalaşıb: "Əslində, Birinci Dünya Müharibəsi dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizə idi.
Dünyanın bölüşdürülməsi ilə bağlı ilk təşəbbüs Fransa imperatoru Napoleon üzərində qələbədən sonra olub. Həmin dövrdə İsveçrə kimi dövlətlər meydana çıxıb. Sonrakı mərhələ isə Birinci Dünya Müharibəsindən sonraya təsadüf edir. Savaşdan sonra bir neçə imperiyanın yerində yeni dövlətlər yaranıb. Məsələn, keçmiş çar Rusiyasının yerində Azərbaycan da daxil olmaqla bəzi dövlətlər meydana gəlib. Onların bir qismi yeni formada, yəni sovet respublikaları şəklində Rusiyanın tərkibinə qatılıblar. Lakin Finlandiya, Polşa və 1940-cı ilə kimi Latviya, Litva, Estoniya kimi dövlətlər müstəqilliklərini qoruyub saxlaya biliblər”. Tarixçi bildirib ki, Avstriya-Macarıstan və Osmanlı imperiyalarının parçalanması nəticəsində bir çox dövlət yaranıb: "Osmanlının yerində sanki xəritə üzərində xətkeşlə çəkməklə bir neçə dövlət yaradılıb. Bu dövlətlərin əksəriyyəti indiki ərəb dünyasını əhatə edir. İraq, Suriya, İordaniya, Livan, Fələstin və bu kimi dövlətlər ingilis və fransız mandatı altında yaradılıblar. Sevr müqaviləsinə əsasən demək olar ki, Anadolunun kiçik bir hissəsində türklər üçün dövlət saxlanılırdı.
Lakin Mustafa Kamal Paşanın başlatdığı fəaliyyət nəticəsində ingilis, fransız və yunan müdaxiləçiləri, eləcə də italyanlar Anadoludan qovuldu. Ondan sonra Lozanna müqaviləsi imzalandı. Bu müqavilələrə sonradan bir neçə sazişlər də əlavə olundu. Onlardan biri də 1926-cı ildə imzalanmış Ankara müqaviləsi idi.
Bu müqaviləyə, yəni "Misak-i Milli”yə əsasən, qonşu dövlətlər tərəfindən Türkiyə sərhədlərinə hansısa təhlükə yaranarsa və həmin ölkə təhlükənin öhdəsindən gələ bilməzsə, o zaman Türkiyə qoşunları bölgəyə daxil ola bilər. Mosul, Kərkük, eləcə də Naxçıvan müqavilədə adı keçən ərazilərdəndir. Qismən Acariya haqqında da belə bir qərar var idi.
Sadəcə fərq onda idi ki, müqavilənin biri Rusiya ilə, digəri isə Antanta ölkələri ilə imzalanmışdı. O baxımdan indiki Türkiyənin İraqa girməyə, sözügedən əraziləri qorumağa tam haqqı çatır”.
İsmayıl