Türkiyənin Qərbdən imtinası geriyə addımdır- ELÇİN ŞIXLI

"Ərdoğanın bu siyasəti Azərbaycana da mənfi təsir göstərir"


Türkiyənin Rusiyaya meyl etməsi Azərbaycana da mənfi təsir göstərir.

Bunu Sherg.az-a Moskva və Ankaranın yaxınlaşmasından danışarkən «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib. 
Onun sözlərinə görə, Türkiyənin üzünü Rusiyaya çevirməsi diplomatiya baxımından uzaqgörən siyasət deyil: 
"Türkiyə inkişaf etmiş Avropaya doğru irəliləmək əvəzinə batmaqda olan Rusiyaya tərəf hərəkət edir. Ərdoğanın bu siyasəti qardaş ölkə ilə bərabər Azərbaycanın inkişafına da mənfi təsir göstərir”.

Türkiyənin Çinlə əməkdaşlıq planlarına da toxunan E.Şıxlı hesab edir ki, Ankaranın Avropa İttifaqına alternativ olaraq, Şanxay Əməkdaşlıq Təşkilatını nəzərdə tutması mənasız addımdır: 

"Bu uzaqgörən siyasət deyil. İnkişaf var, lakin Çinin inkişafı ilə Avropanın, Amerikanın inkişafı oxşar deyil. Bu dövlət həmişə Avropanı təkrarlamağa çalışıb, özünün yeni töhfəsi olmayıb. Çindəki hazırki inkişafın səbəbləri isə tamamilə başqadır. Şanxay Əməkdaşlıq Təşkilatında tək Çin deyil, Rusiya və onun kimi digər mənasız ölkələr yer alıb. Ümumiyyətlə, Qərbin inkişafından imtina edib, Şərqin geriliyini seçmək Türkiyə üçün geriyə atılan addımdır”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Aleksey Puşkov, Avropa Parlamentinin (AP) bir gün fərq ilə Rusiya və Türkiyə ilə bağlı verdiyi qərarların Moskva və Ankaranı bir-birinə yaxınlaşdırdığını ifadə edib.

Aysel Aslan