Sabir Rüstəmxanlı: “O ərazilərin bir hissəsinin tarixən Azərbaycan əraziləri olduğunu önə çəkə bilərik”
Türkmənlər Azərbaycan və Türkiyədən imdad istəyir
Nizami Cəfərov: “Vəziyyət elədir ki, həmin zonada strateji bir iş görmək mümkün deyil”
Sabir Rüstəmxanlı: “O ərazilərin bir hissəsinin tarixən Azərbaycan əraziləri olduğunu önə çəkə bilərik”
Sabir Rüstəmxanlı: “O ərazilərin bir hissəsinin tarixən Azərbaycan əraziləri olduğunu önə çəkə bilərik”
İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlarda bölgənin türk əhalisi olan silahsız türkmənlərin müdafiəsiz, qırğınlara məruz qalması son günlərin əsas müzakirə mövzusuna çevrilib. Azərbaycan və Türkiyənin bu məsələdəki susqunluqları ciddi şəkildə tənqid olunur. Hər iki ölkənin ictimaiyyəti sosial şəbəkələr və mətbuat səviyyəsində aparılan siyasəti nəinki qınayırlar, türkmənlərə yardım olunmasını tələb edirlər. Məsələnin görünən tərəfi odur ki, Türkiyə və Azərbaycan cəmiyyətləri türkmənlərin yanındadır, amma dövlət səviyyəsində bu dəstək hiss olunmur.
Təsadüfi deyil ki, indiyə qədər bununla bağlı dövlətlər səviyyəsində rəsmi mövqe belə yoxdur. İraq Türkmən Cəbhəsinin lideri, İraq parlamentində türkmənləri Kərkük şəhərindən təmsil edən millət vəkili Ərşad Salehi Mosulda baş verənlər haqqında danışarkən Azərbaycan və Türkiyə tərəfindən köməksiz qalmaları ilə bağlı hər iki dövləti qınayıb.”Türkmənlər olaraq bölgəmizə görə çox narahatıq. Bütün türkmən bölgələrində baş verən oyunların heç biri, təəssüf ki, türkmənlərin lehinə yox, tamamilə əleyhinədir. Dünya dövlətlərinin heç biri Kərkükə yardım göstərmədi. İraq türkmənləri sahibsizdir. Ancaq biz öz dilimiz, ədəbiyyatımız, mədəniyyətimizlə müqavimət göstəririk. Türkiyə də bizi atıb, Azərbaycan da. Bakıdakı türk Kərkükdəki türk kimi danışır, heç bir fərqimiz yoxdur”.
İddiaları dəyərləndirən millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin sədri Nizami Cəfərov "Şərq” bildirib ki, türkmənlərə beynəlxalq səviyyədə dəstək göstərilir. Dəfələrlə müxtəlif türk dövlətləri onlara dəstək verib:
”Hazırda türk dünyası kifayət qədər çevik beynəlxalq siyasət yürüdür və türkmənlərin məsələsinə bütöv şəkildə münasibət bildirilir. Amma təbii ki, türkmənlər yaşayan ərazidə çox mürəkkəb vəziyyət əmələ gəlib. Ona görə də, həlledici və sürətlə köməklik göstərmək barədə düşünmək belə çətindir. Çünki böyük güclərin maraq dairəsində olan hadisələr baş verir. Ona görə də, həlledici kömək mümkün deyil. Bununla yanaşı, bütün türk dünyası öz imkanı çərçivəsində maddi və mənəvi köməklik göstərir. Heç təsadüfi deyil ki, bu məsələ ilə əlaqədar Türkiyədə də çox ciddi işlər gedir. Azərbaycan dəfələrlə öz mövqeyini bildirib. Düzdü, bu köməkliyin müsbət effekti barədə danışmaq bir az çətindir. Füzuli demiş, əldə ixtiyar olsaydı, ora türk dövlətləri lap qoşun da göndərərdi və o ərazidə türkmənlərin təzyiq altında qalmasına imkan verməzdi. Hətta ayrıca müstəqil dövlətlərini yaratmağa cəhd göstərərdilər. Amma beynəlxalq münasibətlər və vəziyyət elədir ki, həmin zonada strateji bir iş görmək mümkün deyil. Amma bununla yanaşı, nə etmək mümkündürsə, onlar olunur. Özü də bu gərginlik başlayandan və ondan da qabaq”.
Parlamentari hesab edir ki, Azərbaycanın İraqla münasibətlərində türkmən məsələsi öndə olub: "Yəni oradan bura, buradan da ora səfərlər olub. Füzulinin məzarı ilə bağlı çox fəallıq nümayiş olunub. Oradakı əhalinin həyat tərzi, mədəniyyəti və insan hüquqları səviyyəsində nə etmək mümkün idisə, hamısı olunub. Amma təbii ki, burada etnos hüququ məsələsi də var ki, onları da beynəlxalq müstəvidə həll etmək asan deyil. Düşünürəm ki, türk dünyası, o cümlədən də Azərbaycan əlindən gələni edir və dövlət siyasətimiz bu cəhətdən kifayət qədər çevikdir. Biz hətta heç türk mənşəli olmayanlara da kömək etməyə həmişə hazır olmuşuq. Buna dair ortada çoxlu faktlar var”.
Bununla yanaşı, N.Cəfərov hesab edir ki, İraq türkmənləri də narahat olmaqda və onlara göstərilən köməkliyin yetərli olmadığını dilə gətirməkdə haqlıdırlar: "Bu, işin paradoksal tərəfidir. Əlbəttə, nə qədər imkan varsa, İraq türkmənlərinə kömək gücləndirilməlidir”.
Sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Azərbaycanın türkmənlərə kömək etməsi üçün məhdud imkanlara sahib olduğunu bəyan etsə də, Türkiyənin imkanlarının yüksək olduğunu bildirib: "Türkiyə Amerikanın strateji müttəfiqidir, NATO-nun da üzvüdür. Türkiyə ilk gündən bir neçə səhv buraxıb. Amerika İraqa girəndə Türkiyə Böyük Millət Məclisi qərar qəbul etdi. Bu qərar əslində türkmənlərə qarşı xəyanətkarlıq idi. Həmin vaxt türk ordusu ABŞ ordusu ilə bərabər Quzey İraqa girməli idi. Əgər bu olsaydı, türkmənlərə qarşı o vəhşiliklər olmazdı. Vəziyyət də tamamilə başqa cür olardı. Görünür, bu dönəmdə Türkiyədə kimlərsə məclisdə ciddi şəkildə işlədilər və nəticədə türkmənlərin ziyanına olan qərar çıxarıldı. Həmin ərazilər mübahisəli zona sayılır. Vaxtilə Osmanlı imperiyasının zəifliyindən istifadə edib, ingilislər həmin əraziləri tutublar. Lozanna sazişində həmin ərazilər mübahisəli zona sayılıb. Türkiyə bu tarixi faktları sənədləşdirib, ortaya ciddi iş qoya bilər. Amerika okeanın o tayından gəlib guya İraqda qayda-qanunlar yaratmaq istəyir. Amma əslində məzhəb ayrılığına səbəb olacaq xırda dövlətlər qurmaq istəyir. Məqsəd İraqı parçalamaqdır. Bu oyunların növbəti mərhələsində Türkiyə hədəfdədir. Türkiyə bunu görməli və indidən imkanlarından geniş şəkildə istifadə etməlidir. Təəssüflər olsun ki, qardaş ölkənin başı öz içərisində düşmən axtarmağa qarışıb. Sanki dünyada gedən prosesləri görmürlər. Ancaq xırda daxili münaqişələrə vaxt sərf edirlər. Düşünürəm ki, bu təkcə türkmənlər üçün deyil, bütün türk dünyası üçün ziyanlı bir yoldur. Türkmənlər daha çox azərbaycanlılara yaxındırlar. Nə qədər problemlərimiz olsa da, ən azı BMT və beynəlxalq qurumlarda məsələni qaldıra bilərik. Türkmənlərin qardaşlarımız olduğunu, o ərazilərin bir hissəsinin tarixən Azərbaycan əraziləri olduğunu önə çəkə bilərik”.
S.Rüstəmxanlı onu da əlavə edib ki, türkmənlərə qarşı vəhşilik, kütləvi şəkildə qırğınlara susmaq olmaz: " Bir tərəfdən ABŞ silahlıları, digər tərəfdən PKK, başqa tərəfdən isə başqa qüvvələr türkmənləri qırır. Məqsəd bir milləti tamamilə məhv etmək, Kürdüstan dövləti üçün maneəsiz ərazi yaratmaqdır. Rəsmi səviyyədə mövqe bildirməyimiz çox vacibdir. Dövlət bunu edə bilər və etməlidir də. Rəsmi dairələrin bu məsələdəki mövqeyindən xəbərim yoxdur. Bu məsələdə son dərəcə ehtiyatlı siyasət aparılır. Amma nə qədər ehtiyatlı olmağımızı dünya başa düşmürsə, o zaman cəsarətlə həqiqətləri ortaya qoymağımız vacib olur”.
Ayyət Əhməd