Üç əsrin qəzeti...

“Kaspi” 135 yaşına çatdı
İlham Quliyev: “Kağız mətbuatı dövrü başa çatmayıb. Düşünürəm ki, çap mediasının öz yeri var, bu təbəqə heç vaxt itməyəcək”


Azərbaycan mətbuatında özünəməxsus yeri və dəst-xətti ilə seçilən "Kaspi” qəzetinin
yaranmasından 135 il ötür. İlk nömrəsi 135 il əvvəl çapdan çıxan və bu gün "Üç əsrin qəzeti”
devizi ilə nəşr olunan bu qəzet müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi￾nəzərindən əks etdirib.

1881-ci ildə ilk dəfə işıq üzü görən "Kaspi” qəzeti Bakı burjuaziyasının təşəbbüsü ilə yaradılıb.
1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxan qəzetin fəaliyyəti həmin il
dayandırılıb.

Qeyd edək ki, qəzetin ilk redaktoru Viktor Vasilyeviç Kuzmin idi. Qəzetin ilk 28 nömrəsi həftədə
iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxırdı. 1884-cü ilin yanvarından isə gündəlik olub. 1881-ci
ildən 1887-ci ilədək qəzeti V.V.Kuzmin redaktə edib. Əvvəllər qəzet 400-420 nüsxə tirajla çıxırdısa,
1887-ci ildə bu rəqəm 1.000-ə qalxıb. Elə bu ildən etibarən qəzet müntəzəm çıxmağa başlayıb.
1887-ci ilin yanvarında V.V.Kuzmin xəstələndiyi üçün müvəqqəti redaktorluq ehtiyatda olan
podpolkovnik Evlampi İvanoviç Starsevə tapşırılıb. O, may ayınadək redaktorluq edib, polis
departamenti Starsev haqqında pis xasiyyətnamə verdiyi üçün onun redaktorluğunu təsdiq etmək
mümkün olmayıb. Sonra bir müddət qəzetə yerli gimnaziyanın müəllimi V.P.Liçkus - Xomotov
(1887-1888), bir müddət "Qafqaz” qəzetinin əməkdaşı Pyotr Trofimoviç Qordiyevski (1888-1889)
redaktorluq edib. 1889-cu ildə qəzetin 82-ci nömrəsindən sonra onun redaktoru vəzifəsinə Nikolay
Aleksandroviç Sokalinskin təyin olunur. N.Sokalinski "Kaspi” qəzetinə 8 il redaktorluq edib. Onun
fəaliyyəti dövründə qəzetə müvəqqəti olaraq S.K.Mixaylov, M.A.Şahtaxtinski , M.A.Uspenski
(1892), K.M.Karyagin redaktorluq edib. 1897-ci ildə qəzetin tirajı 2.400-ə qalxıb.

1897-ci ildə N.Sokolinskinin ölümündən sonra "Kaspi” qəzeti redaksiyasında bəzi dəyişikliklər baş
verir. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski
(indiki Kommunist) küçəsindəki binaya köçürüb. Redaktorluq vəzifəsi Əlimərdanbəy Topçubaşova
tapşırılır. O, qəzeti 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək redaktə edib. Ondan sonra qısa
bir müddətdə qəzetin redaktorluğuna Əlibəy Hüseynzadə təyin olunub.

1907-ci ilin axırlarından 1919-cu ilədək qəzetin başında A.Veynberq dayanıb. Bu müddətdə qəzet
təkcə Qafqazda deyil, Rusiyanın bir sıra şəhərlərində, xarici ölkələrdə də yayılıb.
Qəzetdə H.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları kimi publisistlər
də çıxış ediblər. Cəlil Məmmədquluzadə 1902-ci ildə Dəlmə bağları haqqındakı ilk məqaləsini
"Kaspi” qəzetinə göndərib.

1999-cu il martın 6-da mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə qəzet yenidən fəaliyyətə
başladı. Hazırda "Kaspi” üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
Fəaliyyətinin əsas məqsədi isə millətin, xalqın qəzeti olmaqdır. Günü bu gün də öz ənənələrini
yaşadan "Üç əsrin qəzeti” özünün dəsti-xəttilə, Azərbaycan ədəbiyyatına, publisistikasına və ənnəhayət, tarixinə yüksək münasibətilə seçilən bu mətbuat məbədi "Kaspi” Mətbuat və Təhsil
Mərkəzinin rəhbəri Sona xanım Vəliyevanın sayəsində yaşayır və inkişaf edir. Məhz onun
xidmətinin nəticəsidir ki, bu gün "Kaspi” mətbuatımızın yuxarı başındakı yerini qoruyur, sayğı və
ehtiram ünvanı kimi qəbul olunur.

"Kaspi”ni fərqləndirən həm də onun peşəkar kollektividir. Bu gün də qəzetdə Azərbaycanın
tanınmış və istedadlı qələm adamları çalışır. Baş redaktor İlham Quliyevdən tutmuş müxbirlərə
qədər hər kəs öz məsuliyyətini dərk edir və bu məsuliyyətin nəticəsidir ki, "Kaspi”nin hər sayında öz aktuallığı ilə seçilən və maraqla oxunan yazılar, müsahibə və reportajlar yer alır.
Qəzetin baş redaktoru İlham Quliyev qəzetin 135 illik tarixinə qısa nəzər salarkən, onun hər zaman dövlətçilik mövqeyindən çıxış etdiyini bildirib:

"Biz "Kaspi”ni 3 əsrin qəzeti adlandırırıq. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlində rus dilində çap
olunub. 1881-ci ildə yaranan "Kaspi” qəzeti zaman ötdükcə Azərbaycan problemlərinin müzakirə
olunduğu bir tribunaya çevrilib. "Kaspi”nin ən çox tanınmış simalarından biri Əlimərdan bəy
Topçubaşov olub. 1909-cu ildə qəzetin fəaliyyəti dayandırılıb, lakin 1999-cu il martın 6-da mərhum
Prezident Heydər Əliyevin xeyir-duası ilə qəzet yenidən fəaliyyətə başlayıb. Biz özümüzü
"Kaspi”nin varisləri hesab edirik. Çalışırıq ki, daima o xəttə əməl edək. Bu qəzetdə bir neçə
tanınmış şəxslər baş redaktor işləyib. 2015-ci ildən isə kollektivə mən rəhbərlik edirəm. Son illər
texnologiyalar sürətlə inkişaf edir, internet həyatımıza daxil olub. O cümlədən də, internet mətbuatı
formalaşmağa başlayıb. Hazırda informasiya yükünün böyük hissəsi internet mətbuatının
çiyinlərindədir. "Kaspi”nin saytı 3 dildə fəaliyyət göstərir. Bu bizə imkan verir ki, istənilən internet
mediası ilə rəqabət apara bilək. Ən populyar saytlardan heç də geri qalmırıq. Bəzi insanlar hesab
edir ki, yazılı mətbuat artıq "ölüb”. Amma mən belə düşünmürəm, hesab edirəm ki, kağız mətbuatı
dövrü başa çatmayıb. Düşünürəm ki, çap mediasının öz yeri var, bu təbəqə heç vaxt itməyəcək.
Qəzet bir salnamədir. Gələcəkdə hər hansı bir sahədə araşdırma apararkən qəzetlərdən istifadə
olunacaq. Yazılı medianın üstünlükləri çoxdur”.

Azərbaycanda qəzet oxucusu probleminin hər zaman aktual olduğunu vurğulayan baş redaktorun qənaətincə, biz heç vaxt qəzet oxuyan xalqlardan olmamışıq: 

"Böyük tirajla çıxan qəzetlərimizin sayı ümumi xalqa nisbətdə çox aşağıdır. Xüsusilə də, internet mediasının gündəmə gəlməsi, sosial  medianın insanların həyatında yerinin artması ilə qəzetlərin oxucu problemi bir az da artıb. Bu səbəbdən də, qəzetin formatını dəyişmişik. Hesab edirik ki, hazırkı zamanda dəqiqəbədəqiqə internet mediasında yenilənən xəbərləri 1 gün sonra qəzetdə verməyin heç bir mənası yoxdur. Bu səbəbdən analitik yazılar, müsahibələr, araşdırmalar artıq qəzetimizdə daha çox yer alır. Belə deyək, sanki gündəlik olaraq jurnal nəşr etməyə çalışırıq. Bu səbəbdən də, oxucu problemimiz yoxdur. 5 min tirajla çap olunuruq və böyük abunəçi kütləsi var. Hətta oxucularımız günortadan sonra köşklərdə qəzet tapmamaqdan gileylənir”.

Baş redaktorun sözlərinə görə, son illər baş verən proseslər çərçivəsində qəzet kağızı iki dəfə
bahalaşıb. Nəticədə qəzetlərin çapı bahalı bir işə çevrilib: 

"Bu baxımdan üzərimizə böyük yük düşür. Düzdür, son vaxtlar qəzetlərə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə diqqət ayrılır. "Kaspi”nin əsas prinsipi isə mövcudluğunu qoruyub saxlamaqdır. Amma bununla belə, biz yubileyə əliboş getmirik. Həftə sonu 24 səhifə ilə oxucuların görüşünə gəlirik. Özü də rəngli bir formatda. Üstəlik, qəzetin 3 əlavəsi var. Ədəbiyyat, Gənclik və Teatr əlavəsini qoruyub saxlayırıq. Yanvarın 1-dən isə "ArtKaspi.az” adlı sayt fəaliyyətə başlayacaq. Bu sayt ədəbiyyat və mədəniyyət sahəsi üzrə ixtisaslaşacaq. 2017-ci ildə xarici auditoriya üçün hesablanmış ingilis dilli versiyanı daha da inkişaf etdirmək fikrindəyik. İl ərzində bir neçə böyük layihələrimiz var. Onlardan biri mart ayında həyata keçiriləcək. Həmin vaxt dövlət orqanlarından biri ilə müsabiqəmiz nəzərdə tutulub. Hazırda onunla bağlı müzakirələr gedir. Kollektivimizin əməkdaşları müxtəlif vaxtlarda dövlət tərəfindən
qiymətləndirilib. Elə keçən il 2 nəfər "Əməkdar jurnalist” fəxri adı alıb, 1 nəfər "Tərəqqi” medalı ilə
təltif edilib. Qəzetimizin 3 əməkdaşına dövlət tərəfindən jurnalistlər üçün tikilən binada mənzilverilib. Bundan başqa, "Kaspi” qəzeti "Ali Media Mükafatı”na layiq görülüb. Qəzetimizin təsisçisi
Sona xanım Vəliyeva da Həsən bəy Zərdabinin həyatından bəhs edən "İşığa gedən yol” romanına
görə "Ali Media Mükafatı”na layiq görülüb. Bu mükafatlar bizi sakitləşdirmir, istəyirik ki, bu
siyahını daha da genişləndirək”.

İ.Quliyev deyib ki, "Kaspi” qəzetinə bölgələrdən məktub yazan oxucular da var: 

"Kaspi” qəzetinin böyük oxucu kütləsi var. Başqa qəzetlərlə müqayisədə oxucularla münasibətlərimizi yaxşı qura bilmişik. Çoxlu sayda daimi oxucularımız var. İndi internet əsri olduğundan feysbuk vasitəsilə hər gün oxucularımızdan müxtəlif fikirlər alırıq. Bu müxtəlif fikirlərin arasında tərif də, təşəkkür də, tənqid də olur. Redaksiyamıza zənglər olur. Xüsusən regionlarda qəzetin elə oxucuları var ki, qədim ənənə olan məktublar vasitəsilə bizə ürək sözlərini, müraciətlərini bildirirlər. Biz hər zaman
oxucularımıza tribuna verməyə hazırıq. Gənclərə də kömək etməyə çalışırıq. Onların yazılarının
qəzetimizdə çap olunmasına şərait yaradırıq.

Hazırda daimi əməkdaşlarımızın sayı 20 nəfərdən çoxdur. Kənar müəlliflərimiz də var. Tanınmış
qələm sahibləri, millət vəkilləri, yazıçılar, şairlər, dövlət tərəfindən təltif edilmiş şəxslər var ki,
bizim qəzetin yazarları olaraq çıxış edirlər. Flora Xəlilzadə, Fəxrəddin Salehov və digərləri bizim
qəzetimizlə əməkdaşlıq edir. Geniş araşdırma yazılar yazılır”.

P.S. "Şərq” qəzeti olaraq biz də qəzetin baş redaktoru İlham Quliyev başda olmaqla "Kaspi”də
çalışan həmkarlarımızı təbrik edir, kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb