Ucuz qiymətə satışa 260 mənzil çıxarılıb

Sosial ipoteka şərtlərinə uyğun olan təbəqə bu güzəştdən yararlana bilər Aylıq ödənişin 130 manat olması isə kirayə qiymətlərinə nisbətən kifayət qədər cəlbedicidir




Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi - Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verib. MİDA-dan verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-si saat 10:00-da başlayacaq və avqustun 7-si saat 10:00-dək davam edəcək.

Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunur. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.
Mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.
Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. 1 otaqlı mənzillərin qiyməti - 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti - 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti - 65 626 manatdan başlayır.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına, birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.
Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Bu qiymətlər mənzil 10 faiz ilkin ödəniş edilərək, 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda realdır.
Mənzillərin sahələrinə gəldikdə isə xarici perimetr üzrə mənzillərin ölçüləri də bəllidir. Belə ki, 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq.
İqtisadçı Rəşad Əliyev mənzillərdə 1 kv.metrin qiymətinin 950 manat müəyyən olunmasını baha hesab edir: "Yazıblar ki, Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub.
Ömründə 1 dəfə də olsun mənzil qiymətləri ilə maraqlanmış şəxs bilir ki, 1, 2 və 3 otaqlı mənzillərdə 1 kv.m. orta qiyməti heç vaxt eyni ola bilməz. Ən baha 1 otaqlıda olur. Mənzilin sahəsi artdıqca, 1 kv.m. qiyməti azalır. Yəni təkrar bazarda əsasən belədir. Yəni, 1, 2 və 3 otaqlı mənzillərdə 1 kv.m. qiymətinin eyni götürülməsi məntiqsizdir. Yaxşı, bu, hansı bazarın bazar dəyəridir? İlkin bazarın, yoxsa təkrar bazarın?”.
İlkin ödənişin 10 faiz olduğunu qeyd edən iqtisadçı deyib ki, sosial ipoteka şərtlərinə uyğun olan təbəqə bu güzəştdən yararlana bilər. Aylıq ödənişin 130 manat olması isə kirayə qiymətlərinə nisbətən kifayət qədər cəlbedicidir. Digər sualların cavabı isə tələbatdan və növbənin ajiotaj yaradıb-yaratmayacağından asılı olacaq.

Şəymən