"Urmiyada 300 minə yaxın azərbaycanlını qətlə yetiriblər" - İran rəsmi dairələrinin etirafı

"Son illər görülən tədbirlər nəticəsində Azərbaycan ictimaiyyəti 31 Mart soyqırımı haqqında tam məlumatlandırılıb”.
Bunu "Sherg.az”a 31 Mart soyqırımının 100-cü il dönümündən danışarkən tarixçi alim Dilavər Əzimli deyib. 
Onun sözlərinə görə, başda akademik Yaqub Mahmudov olmaqla AMEA-nın Bakıxanov adına Tarix institutu bu yöndə böyük işlər görüb:
"İllərdir, ölkəmizə dünyanın müxtəlif ölkələrindən alimlər gəlir, anım tədbirlərində iştirak edirlər. Amma çox işlər görmək lazımdır. Bakı şəhərində soyqırımı abidəsi olmalıdır. Bu, mütləqdir. Qubada yerləşən kütləvi məzarlıq 31 Mart soyqırımı qurbanlarının isbatıdır.
Daimi soyqırımının təbliğini həyata keçirmək, xaricdə kitablar nəşr etdirmək dövlətin siyasi xəttinə çevrilməlidir. Davamlı şəkildə layihələr həyata keçirilməlidir. Bəşəriyyətə qarşı yönəlmiş cinayət kimi bunu təqdim etməliyik. Həqiqətən də belədir. 
XIX əsrin sonlarından başlayaraq, bu soyqırımları ermənilər vasitəsilə həyata keçirildi. Kıbrısda erməni-yunan birlikləri, Anadoluda ermənilər, Urmiyada erməni-aysor-kürd birləşmələri 300 minə yaxın azərbaycanlını qətlə yetirdilər. Artıq İran rəsmi dairələri də bunu etiraf edir.
Türk-müsəlman dünyasının başına gətirilən soyqırımları toplu şəkildə nəzərdən keçirilməlidir. Kitablar nəşr olunmalı, yazılar, məqalələr hazırlanmalıdır. Eyni zamanda soyqırımlarından əziyyət çəkən ölkələr Haaqa məhkəməsinə ermənilərlə bağlı müraciət etməlidirlər. Ədalət məhkəməsində ermənilərlə bağlı ədalətli hökm verilməsi böyük addım olardı”.
Qeyd edək ki, 31 Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
Aysel Aslan