Uşağı zorla sıxaraq öpmək böyük yanlışdır

Çünki bu zaman onlar şüuraltında sevgi və ağrı hisslərinin yanaşı olduğunu zənn edir
Körpə uşaqlar əzizlənib öpülərkən diqqətli olmaq lazımdır. Xalq arasında "öpüş xəstəliyi" kimi tanınan Ebstein Barr virusu uşaqları öpərkən keçir. Bu zaman qızdırma, membranlı faringit kimi narahatlıqlar yaranır.
Lakin körpələri öpərkən baş verən mənfi hallar yalnız hansısa xəstəliklər deyil. Əksəriyyət uşaqları zorla sıxaraq, öpərək və ya dişləyərək sevgilərini göstərməyə çalışsalar da, bunun uşağın psixoloji durumuna mənfi təsir etdiyinin fərqində deyillər.
Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı da feysbuk səhifəsində maraqlı paylaşım edib. Onun sözlərinə görə, uşaq zorla və sıxılaraq öpüldüyü halda şüuraltı olaraq sevgi və ağrı hisslərinin yanaşı olduğunu zənn edir:
 "Gələcək həyatında fiziki və mənəvi yöndən incidiləndə qarşısındakı insanın onu "sevdiyini" düşünür, zorakılığa boyun əyir. Hər kəs uşaqların zorla, sıxılaraq öpülməsi halı ilə qarşılaşıb. Amma belə hərəkətlər uşaqların şüuraltına mənfi təsir edir. Ümumiyyətlə, uşaqlara göstərilən münasibət onların xarakterini formalaşdırır. Sanki bir bina tikirik və onun təməlini, kərpiclərini necə qoyuruqsa, binanın formalaşması elə də qalır. Həmçinin uşaqlara olan davranışımız da belədir. Uşaqlara olan sevgimiz yox, ünsiyyətimiz onların xarakterini formalaşdırır. Xarakter isə gələcəkdə insanın həyat tərzində ən vacib ünsürlərdən birinə çevrilir. Bu proses pilləli şəkildə olduğuna görə, ilk vaxtlar çox önəmlidir.
Uşaqları zorla sıxaraq, qucaqlayaraq öpməyi təbii ki, ona qarşı sevgisizlikdən etmirik, əksinə, bu ona qarşı olan istəyimizin göstəricisidir. Amma burda bəzi xırda, lakin çox önəmli detallar var ki, belə etməklə uşağın şüualtına mənfiliklər yükləyirik. Zor tətbiq edərkən uşağın şüuraltına ötürülür ki, "sıxaraq, dişləyərək öpən insan səni sevir". Belə olduğu halda uşaqlar da gələcəkdə şiddət tətbiq edərək sevgilərini göstərəcəklər.
Uşaqlara nə veririksə, avtomatik olaraq onların şüuraltına yerləşir. Sonra isə dəfələrlə romantik şeirlərdə, nağıllarda sevginin nə olduğunu oxusalar da, onlar sevgini əziyyətdə, fiziki əzabda görəcəklər. Buna görə də həm fiziki, həm də psixoloji ünsiyyətdə uşaqlarla davranışa ciddi diqqət yetirmək lazımdır".
F.Mehmanqızının sözlərinə görə, uşaqlara istəmədikləri halda onları öpərkən etiraz edilməsini öyrətmək lazımdır. Çünki bu, uşaqların hüquqlarından biridir: "Uşaqlar istəmədən onları öpmək qəti qadağandır. Bu uşağın öz bədəninə olan hörmətsizliyə gətirib çıxarır. Çox vaxt qonaq gedirik və orda uşağı mütləq şəkildə öpürük. Amma bu heç də sevgi göstəricisi deyil, bu sadəcə uşağın şüuraltına mənfi təsir etməkdir. Emosional xalq olduğumuz üçün də sevgi göstərişimiz bəzən süni və məcburiyyət halını alır. Düşünürəm ki, belə hallara yol vermək olmaz. Dəfələrlə uşaq hüquqlarından danışırıq, amma onlara etiraz etmək kimi bir hüquqları olduğunu bildirməliyik".
Yeganə Bayramova