Uşaqlar 1 yaşından uşaq bağçalarına cəlb ediləcək

Nabatəli Qulamoğlu: “Deputatlar öz biznes imkanlarını genişləndirmək üçün belə təklifi ortaya atıblar”



Ölkəmizdə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi təklif olunur. Bu barədə parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib.
Onun sözlərinə görə, "Təhsil haqqında” qanunun mövcud variantına əsasən, məktəbəqədər təhsil 3 yaşından başlayır:

"Amma uşağı 3 yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəmək məqsədilə "Məktəbəqədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin 1 yaşından başlanılması qərara alınıb. Dünyada hətta 2, 3 aylıqdan uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq 1 il ana tərbiyəsi almalıdır. Biz "Təhsil haqqında” qanunda da uşaqların 1 yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.
Bu gün məktəbəqədər təhsil müəssisələri işləyən valideynlərin bir növ köməkçisidir. Lakin istər-istəməz sual yaranır: yeni təklif övladını evdən sonra etibar etməyə yer axtaran valideynlərin ümidini doğruldacaqmı? Nəzərə alsaq ki, 1 yaşlı uşaqların məktəbəqədər müəssisəyə cəlb olunması reallıqdan bir qədər kənardır. Çünki bu yaşda uşaqların yad tərbiyəçiyə əmanət olunması o qədər də asan deyil.

Yeni təkliflə bağlı "Şərq”ə danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, uşaqların 1 yaşında məktəbəqədər təhsilə cəlb olunması heç vaxt böyük miqyası əks etdirə bilməz: 
"Çünki bu, məntiqi cəhətdən mümkün deyil. Ola bilər ki, dəyişiklik istisna hallarda yerinə yetirilsin. Məsələn, valideynlərin hər ikisi ciddi şəkildə işlə məşğuldur və uşağı bağçaya qoymaq ehtiyacı duyulur. Belə məqamlar üçün bəlkə məktəbəqədər təhsil müəssisəsi yaratmaq mümkün olsun. Amma hər yerdə və hər kəsə aid belə bir müəssisənin yaradılması nə ağlasığandır, nə də ki mümkün olan işdir. Belə dəyişikliklər bu gün üçün reallığı əks etdirmir”.
Ekspertin sözlərinə görə, dünya təhsil sistemi ilə müqayisədə ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunma sayı çox aşağıdır: "Ona görə də istəyirlər ki, müəyyən qədər balans yaratsınlar və Azərbaycanda da məktəbəqədər təhsilə cəlb olunma faizi yüksək olsun. Lakin belə yollarla faizləri yüksəltmək mümkün olan deyil. Yeni təklif hələlik nəzəri olacaq. Düşünürəm ki, uşaqların 1 yaşında məktəqəbədər müəssisələrə cəlb olunmasını ödənişli əsaslarla aparmaq olar. Çünki məktəbəqədər müəssisələrdə ödənişli əsaslarla oxuyanlar var idi. Ödənişli əsaslarla olan məktəbəqədər təhsil müəssisələrinin hamısı deputatların şəxsi müəssisəsidir. Fikrimcə, deputatlar öz biznes imkanlarını genişləndirmək üçün belə təklifi ortaya atıblar. Çünki məktəbəqədər təhsil müəssisələri vergilərdən azaddır, əslində isə bu, deputatların vergidən azad olunmasıdır. Çox sevinərdim ki, fikirlərimdə yanılım”.

Yeganə Bayramova