Uşaqlar yarımçıq, müəyyən xəstəliklə və ya ölü doğulur
Baş neonatoloqun sözlərinə görə, buna səbəb valideynin pis vərdişləri və ya müxtəlif infeksion daşıyıcıları olmasıdır
Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov valideynlərin qan qruplarının uyğunsuzluğu səbəbindən uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulması barədə fikirlərin düzgün olmadığını deyib. Baş neonatoloq bildirib ki, ər və arvadın qan qrupları fərqli ola bilər.
Lakin bu fərqlilik uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulmasına səbəb olmur. Buna görə də valideynlərin qan qruplarının uyğunsuzluğu səbəbindən uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulması barədə deyilənlər düzgün deyil.
R.Hüseynov bildirib ki, uşağın ölü, vaxtından əvvəl və ya xəstə doğulması digər amillərlə bağlıdır. Uşaq və ananın fərqli qan qrupları, rezus faktoru olduğu hallarda yalnız izoimunnalşma baş verdikdə (ana ilə döl arasında əlaqə yaradan ciftin funksiyası pozulduqda) uşaqlarda bir sıra problemlərə rast gəlmək olar: "Əgər ananın qanı rezus mənfi, uşağın qanı rezus müsbət olarsa, onda qan uyğunsuzluğu - konflikti baş verə bilər və nəticədə uşağın səhhətində müəyyən problemlər ortaya çıxa bilər”.
Həqiqətən də uşaqların yarımçıq, müəyyən xəstəliklə və ya ölü doğulmasını valideylərin qan qrupu uyğunsuzluğu ilə əlaqələndirənlər çoxdur. Hələ sovet dövründən etibarən bu fikir cəmiyyətimizdə formalaşıb.
Mövzu ətrafında fikirlərini "Şərq”lə bölüşən həkim-radioloq Aynurə Hidayətqızı baş neonatoloqun fikirləri ilə razılaşdığını dedi. Onun sözlərinə görə, uşaqların müxtəlif xəstəliklərlə və ya ölü olaraq dünyaya gəlməsinə səbəb valideynin pis vərdişləri və ya müxtəlif infeksion xəstəlikləri ola bilər:
"Mikoplazma və ureoplazma infeksiyalarının daşıyıcısı olan valideynlərin övladı şikəst, trixamonos kimi infeksiya daşıyıcısı olan valideynlərin körpələri isə lal və kar olaraq dünyaya gələ bilər. Ona görə də həkimlər bu kimi xəstəliklərin qarşısını almaq üçün valideynlərin lazımlı analizlərdən keçməsini vacib hesab edirlər. Hər infeksiya daşıyıcısının özünəməxsus reaksiyası var. Biri hamiləlikdə düşük yaradırsa, digəri lal, kar və s. xəstəliklərə səbəb olur”.
Yeganə Bayramova