Vaşinqton bölgədə müharibə olmasını istəmir

ABŞ rəsmisinin Bakı səfəri yeni bir informasiya vermədi
İndi də Bolton gələcək. Bəlkə o Trampın Qarabağ münaqişəsinin həlliylə bağlı fikirlərinə aydınlıq gətirər


ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent ötən gün Azərbaycanda səfərdə oldu. Amerikalı diplomat Prezident İlham Əliyevlə görüşdü və bundan sonra Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir araya gəldi. Kent səfərinin sonunda mətbuat konfransı keçirdi.

Amerika rəsmisinin Bakıya səfərini və burada müzakirə olunan məsələləri dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Corc Kent Bakıda Amerikanı maraqlandıran 4 mövzudan danışıb. Birinci mövzu enerji əməkdaşlığı barədə idi. Kentin sözlərindən bir daha aydın oldu ki, Vaşinqton Cənubi Qaz Dəhlizi layihəsini dəstəkləyir: 

"Kent Bakıda səsləndirdi ki, "Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək. Bu, çox mühüm məsələdir. Vaşinqtonun bu dəstəyini Prezident İlham Əliyev yüksək qiymətləndirdi. Dövlət başçısı Bakının bu dəstəyə görə Vaşinqtona minnətdar olduğunu Corc Kentə də bildirdi. İkinci mövzu isə təhlükəsizliklə bağlı idi. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Vaşinqtonda yüksək qiymətləndirilir. 

Bu fikri amerikalı diplomatlar hər zaman Bakıda qeyd edirlər. ABŞ Prezidenti Donald Tramp da həmkarı İlham Əliyevə göndərdiyi məktublarda Əfqanıstan mövzusunu hər zaman xatırladır və buna görə Azərbaycana minnətdarlığını bildirir. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Azərbaycanla ABŞ arasındakı münasibətləri daha da yaxınlaşdırır. Corc Kent Bakıda regional təhlükəsizlikdən danışarkən Rusiya və İran mövzularına da toxundu. Görünür, Vaşinqton hesab edir ki, bu iki dövlətdən Azərbaycana təhlükə var. 

Halbuki, keçmiş illərdən fərqli olaraq Azərbaycan Rusiya və İranla iqtisadi əlaqələrini genişləndirib. 3 dövlət birgə regional layihələr icra edirlər. Kent Xəzərin statusu ilə bağlı imzalanan sazişə münasibət bildirmədi.

 O, mətbuat konfransında sadəcə dedi ki, bu məsələyə Azərbaycan rəsmilərinin münasibət bildirməsi doğrudur. Bu o deməkdir ki, Vaşinqton Rusiya və İranın imzaladığı Konvensiyaya şübhə ilə yanaşır. Əks halda Kent deməliydi ki, Vaşinqton Xəzərin statusunun müəyyənləşməsini dəstəkləyir. Sadəcə, işin içində Rusiya və İran olduğuna görə Vaşinqton sazişi dəstəkləyə bilməz. Rəsmi Bakı isə Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanı müsbət qiymətləndirir. Bunu dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində bildirdi”. 

Analitik vurğulayıb ki, müzakirələr zamanı üçüncü mövzu Dağlıq Qarabağa həsr edilib: 

"Vaşinqton bölgədə müharibə olmasını istəmir. Corc Kentin sözlərindən məlum oldu ki, Vaşinqton Azərbaycan Prezidentinin Ermənistanın baş naziri ilə Düşənbədəki görüşünü müsbət qiymətləndirib. Buna baxmayaraq, ABŞ Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli üçün fəallaşmır. Kent münaqişənin həlli ilə bağlı yenə heç nə demədi. Halbuki, Donald Tramp Azərbaycan Prezidentinə, bir neçə ay sonra isə Ermənistanın baş nazirinə göndərdiyi məktublarda Vaşinqtonun münaqişənin həllində fəallaşacağına işarə vurmuşdu. Kent bu məsələyə aydınlıq gətirmədi. Məlumdur ki, Corc Kentdən sonra Azərbaycana ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton gələcək. Kent Bakıya gəlməklə Boltonun səfər proqramını müəyyənləşdirmiş oldu. Bəlkə Bolton Trampın Qarabağ münaqişəsinin həlliylə bağlı fikirlərinə aydınlıq gətirər”.

İsmayıl