Vaşinqton Rusiya raketlərinin Türkiyədə varlığını qəbul edəcək ? - ŞƏRH

"Türkiyənin S-400 raketlərini alıb Azərbaycanda yerləşdirməsi sadəcə bir iddiadır. Bu məsələ Türkiyədə o qədər də müzakirə edilmir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Türkiyə S-400 rakletlərini məhz ona görə alır ki, İstanbul və Ankara ətrafında yerləşdirsin:
"Türkiyənin müdafiə naziri Hulusi Akar da Vaşinqtondadır, Pentaqonda amerikalı generallarla görüşür. H.Akar amerikalı generalları anlatmaq istəyir ki, Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ABŞ və digər NATO ölkələrinə problem yaratmayacaq. H.Akar bir gün əvvəl mesajını da verdi ki, S-400 raketləri Ankara və İstanbul ətrafında yerləşdiriləcək. Yəni Akar görüşdən əvvəl amerikalı generalları fakt qarşısında qoyub. O eyni zamanda amerikalı generalları inandırmağa çalışıb ki, Türkiyə ABŞ-la hərbi əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Fikrimcə, bu səfərlərin və intensiv dialoqun nəticəsində iki olay baş verəcək. Birincisi, Vaşinqton sərt ritorikasına rəğmən, sonda Rusiya raketlərinin Türkiyədə varlığını qəbul etmək məcburiyyətində qalacaq. İkincisi, bir müddət sonra ABŞ Türkiyəyə F-35 hərbi təyyarələrini satmağa qərar verəcək”.
Qeyd edək ki, Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər. Bu barədə Türkiyə mətbuatından məlumat verilib. Lakin Amerika tərəfi bu məsələyə razılığını bildirmir. Belə ki, Türkiyənin S-400 raketlərini Rusiyadan alması ABŞ-da müəyyən gərginlik yaradıb.
Yeganə Bayramova