“Barmaq izləri ilə bir çox cinayətlərin açılması mümkün olur”
Parlamentin aprelin 3-də keçirilən iclasında "Azərbaycan Respublikasının dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi müzakirə edilib. Qanunun qəbulu ilə denetik məlumat əsasında insan şəxsiyyətini müəyyənləşdirmək mümkün olacaq.
Layihə barədə məlumat verən deputat Əli Hüseynli qanunun daktiloskopik və genetik məlumat əsasında insan şəxsiyyətinin eyniləşdirilməsinə xidmət etdiyini bildirib: "Qanun layihəsi itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətində olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, cinayət və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması məqsədilə istifadə ediləcək”.
Deputat bildirib ki, qanun layihəsi məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, əməliyyat axtarış tədbirləri, miqrasiya orqanları daktilaskopik məlumatlardan istifadə edə biləcək. Qanun ətrafında müzakirələrdə iştirak edən deputatlar qanunun cinayətkarların aşkar edilməsinə yüksək səviyyədə dəstək verəcəyini bildirib. Qanun layihəsi müzakirədən sonra birinci oxunuşda qəbul edilib.
Qanunun böyük faydası olacağını deyən hüquqşünas Qurban Məmmədov "Şərq”ə bildirib ki, daktiloskopiya barmaq izləri ilə bağlı olan elmdir və dünya praktikasında çoxdan tətbiq olunur: "Bəlkə də ölkəmizdə bu qanunun qəbulu gecikdirilib. Qanunun qəbul edilməsini alqışlayıram. Həqiqətən də barmaq izləri ilə bağlı bir çox cinayətlərin açılması, şəxsiyyətlərin indetifikasiyası mümkün olur. Bu elmin istər inzibati, istər cinayət işlərində çox böyük rolu var. "Qurani-Kərim”də bir ayə var. Allah-taala buyurur ki, "biz insanların hətta barmaqlarını belə ayrı yaradırıq”. Yer kürəsində 7 milyarda qədər insan yaşayır. Təsəvvür edin, 7 milyard insanın ikisinin barmaq izi bir-birinə bənzəməz. "Qurani-Kərim”də 1400 il bundan öncə barmaq izinin əhəmiyyətini Allah bizə xatırladıb. Çox təəssüf ki, insanlar onu 1400 il sonra başa düşdü. Qanunun ölkəmizdə faydalı olacağına şübhəm yoxdur”.
Yeganə Bayramova