Vəkillər alqışladı

Hüquqi yardıma görə müdafiəçiyə ödənilən haqqın 3 dəfə artırılması müsbət hadisədir
“Vəkillik xidmətinə bu cür yüksək qiymət verilməsi, onların təminatının gücləndirilməsi gələcəkdə aztəminatlı insanların hüquqlarının müdafiəsini daha da gücləndirəcək”




Azərbaycanda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 3 dəfə artırılıb. Nazirlər Kabineti bununla bağlı "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarında dəyişiklik edib. Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manatdan 6 manata qaldırılıb.

Vəkil İradə Cavadova hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqqın 3 dəfə artırılmasını müsbət hal hesab edir. Lakin onun sözlərinə görə, indiki halda 3 dəfə artım kifayət qədər məbləğ etsə də, gələcəkdə 3 dəfə daha artırılaraq 20 manata çatdırılması daha yaxşı olardı. Vəkillərin yüksək səviyyədə qiymətləndirilməsi, fəaliyyətlərinin stimullaşdırılması və onların statusunun qaldırılmasının göstəricisidir.

İ.Cavadovanın sözlərinə görə, "Vəkillər və vəkillik haqqında” qanunda vəkillərin peşə fəaliyyəti ilə bağlı müvafiq müddəalar var. 

Orada qeyd olunub ki, Vəkillər Kollegiyasının üzvü olan hər bir şəxs vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməlidir. Dövlət hesabına müdafiəyə çıxan vəkillərin aldıqları vəsaitin çox və ya az olmasından asılı olmayaraq onlar müdafiə etdiyi şəxsə maksimum dərəcədə yüksək xidmət göstərməlidir.

Vəkil Adəm Məmmədov da bu addımı mütərəqqi bir hal kimi qiymətləndirib: "Azərbaycanda vəkillik institutunun inkişaf etdirilməsi və əhalinin keyfiyyətli hüquqi yardımla təmin olunması istiqamətində növbəti müsbət addım atılıb. 

Vəkillərin aldığı məvacibin artması onların öz işlərinə daha məsuliyyətlə yanaşmasına və vətəndaşlara daha keyfiyyətli şəkildə hüquqi yardım etməsinə şərait yaradacaq. Maddi imkanı olmayan vətəndaşların hüquqlarının müdafiəsi üçün dövlət tərəfindən tutulan vəkillərə ödənilən vəsaitin 3 dəfə artırılmasını bütün vəkillər alqışlayır. Vəkillik xidmətinə bu cür yüksək qiymət verilməsi, onların təminatının gücləndirilməsi gələcəkdə aztəminatlı insanların hüquqlarının müdafiəsini daha da gücləndirəcək. 

Ölkə başçısının sərəncamına uyğun olaraq Nazirlər Kabineti bu qərarı verib. Bu mənada cənab prezidentə də öz təşəkkürümüzü bildiririk. Vəkillik qeyri-dövlət təşkilatı olduğu üçün heç bir ölkədə dövlət onların maddi təminatını öz üzərinə götürmür. Prezidentin bu sərəncamını nadir hadisələrdən biri kimi qiymətləndirmək olar”.

A.Məmmədovun sözlərinə görə, ölkə başçısı vəkillərin maddi təminatının gücləndirilməsi ilə yanaşı, vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında da sərəncam imzalayıb. Məqsəd isə ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək verməkdən ibarətdir: "Sərəncamda vəkillər avtomobillərin ayrılması və vəkillər üçün inzibati binaların tikintisi ilə bağlı büdcədən pul ayrılması məsələsi də öz əksini tapıb”.

Qeyd edək ki, inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Şəymən