Velosiped istehsalı bizə nə verəcək?

“Detalları xaricdən dollarla alıb, yığılmış velosipedi ölkədə manatla satmaq fayda verməz”



İsmayıllıdakı "İSMA BİKES” velosiped istehsalı zavodu 2017-ci ilin 1-ci rübündə tam olaraq fəaliyyətə başlayacaq. Bu haqda zavodun istehsal müdiri Elnur Əliyev məlumat verib. O bildirib ki, müəssisə artıq qismən işləyir:

"Hazırda 15 işçimiz var. İşçilər qrafikə uyğun olaraq həftə ərzində işə gəlirlər və əmək haqqı alırlar. Yeni işçilərdən də CV-lər qəbul olunur, danışıqlar aparılır. Hamılıqla proqramın təsdiq olunmasını gözləyirik”. E.Əliyev deyib ki, hazırda bir neçə işçi xaricdə təşkil edilən kurslara cəlb olunub: "Biz hesab edirik ki, işi mükəmməl bilmək üçün xaricdə kurs keçməkdənsə, Azərbaycanda kurslar təşkil edilməsi daha məqsədəuyğundur. Ona görə də, xaricdən dəvət olunan şəxslər proqram şəklində burda kurs keçəcəklər. İşçilər kurs müddətində həm də işləyib əmək haqqı alacaqlar”. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin açılışında iştirak etdiyi velosiped istehsalı zavodu 2016-cı ilin 10 avqustunda fəaliyyətə başlayıb. Müəssisədə ilkin olaraq 60 işçinin çalışması nəzərdə tutulub. Ancaq gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi ilə işçilərin sayının artacağı deyilir. Deyilənə görə, zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək. Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. 5 növdə istehsal olunan velosipedlərin xaricə ixracı da nəzərdə tutulur. Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, velosiped zavodu istehsaldan daha çox yığımla məşğul olacaq: "Bildiyimə görə, detalların çox hissəsi xaricdən gətiriləcək. Ona görə də hazır məhsulun xarici ölkələrdə satılmasına nail olmaq lazımdır. Regionumuz bunun üçün əlverişlidir. Rusiya, Orta Asiya, Gürcüstan və Türkiyə bazarına çıxış imkanları əldə edə bilərik. Düzdür, Türkiyə bazarına girmək bir qədər çətindir. Çünki qardaş ölkədə yerli istehsal kifayət qədər güclüdür. Rusiyanın özündə də yerli istehsalla məşğul olan nüfuzlu şirkətlər mövcuddur. Lakin Orta Asiya bazarı kifayət qədər xam bazardır. Həmin bölgədə ixracatımızı artırmağa çalışmalıyıq”. İqtisadçının sözlərinə görə, hazır məhsulun böyük bir hissəsi daxili bazarda satılacaqsa, bu, ölkəyə valyuta gətirməkdən daha çox maliyyənin itməsinə səbəb olacaq: "Detalları xaricdən dollarla alıb, yığılmış velosipedi ölkədə manatla satmaq fayda verməz. Ona görə də ilk növbədə xarici bazarlara çıxmaq lazımdır. Ən azından indidən zavodun rəhbərliyi bir marketinq araşdırması aparmalıdır. Ölkəmizə yaxın və əlverişli bazarlar müəyyən edilməlidir. Bunu indidən etmək lazımdır ki, hazır məhsullar ərsəyə gələn zaman artıq müəyyən razılaşmalar, konraktlar olsun. Oturub zavodun işə düşməsini gözləmək lazım deyil. O ki qaldı təlim kurslarına, təbii ki, xaricdən bir-iki mütəxəssisin ölkəyə gətirilərək işçiləri öyrətməsi, onların ölkədən xaricə göndərilməsindən daha ucuz başa gələr. Bunun üçün də biznes-plan işlənib hazırlanmalıdır ki, ümumi xərclər hesablansın”.

İsmayıl