"Vergi amnistiyası” qəbul olundu




Bu gün Milli Məclisin iclasında "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanununun layihəsi müzakirəyə çıxarılıb.
Sherg.az-ın xəbərinə görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. O, vergi borclarının silinməsi, maliyyə sanksiyalarının aradan qaldırılması haqqında danışıb: "Əgər vergi ödəyiciləri yanvar-fevral ayları ərzində borcun 50 faizini ödəyərlərsə, qalan 50 faizinin silinməsi təklif olunur. 2017-ci ilin yanvar mart ayları ərzində maliyyə sanksiyalarının 70 faizi ödənildiyi təqdirdə isə qalan 30 faizinin silinməsi təklif olunur. Qanun layihəsi 44 min 704 vergi ödəyicisini əhatə edəcək. Bunun da 1037-si dövlət sektorunda, 43 min 667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Faizlərin silinməsi ilə 386.4 milyon manatın silinməsi təmin olunacaq. Bunun da 125.5 milyon manatı dövlət sektoruna, 260.9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda, nağd pul hesablamalarının qaydalarının pozulmasına görə 6 min 304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətində silinməsi göstərilib.
Mərhələli ödənişlərə adekvat olaraq 13780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək ”.
Spiker Oqtay Əsədov deyib ki, qanun layihəsinə görə deputatlar və öz adından ölkə prezidentinə təşəkkür edir.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Qanun layihəsində ümumilikdə 640 milyon manat borcun silinməsi nəzərdə tutulub.

Anar