Bundan sonra insanlar mənzillərinin “kupça”larını elektron qaydada əldə edə biləcəklər
Ekspert: “Bakıda inşa edilən yeni binaların təxminən 80 faizindən çoxunda mənzillərin dövlət reyestrindən çıxarışları yoxdur”
Nazirlər Kabineti "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda dəyişikliklər edib.
"Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalara əsasən, mənzilin dövlət reyestrindən çıxarışı ("kupça”) elektron qaydada veriləcək. Dəyişikliyə əsasən, mənzilin hüquqi sahibi öz elektron imzası ilə "Elektron Hökumət” portalı vasitəsi ilə bu sənədə sahib ola biləcək.
Çıxarış kağız formada təqdim olunduğu təqdirdə, ərizəçi "sənədlərin verilməsi jurnalı”nda sənədi aldığını öz imzası ilə təsdiq etməlidir. Bildiriş isə yenə ərizəçi "sənədlərin verilməsi jurnalı”nda bildirişi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunacaq.
İqtisadçı-ekspert Vüqar Bayramovun qənaətincə, "kupça”ların elektron verilməsi həm prosedurların sayının azaldılması, həm də şəffaflığın gücləndirilməsi baxımından müsbət haldır:
"Bununla yanaşı, bizim apardığımız monitorinqlər göstərir ki, Bakıda inşa edilən yeni binaların təxminən 80 faizindən çoxunda mənzillərin dövlət reyestrindən çıxarışları yoxdur. Buna görə də kommunal xidmətlərlə tam təmin edilmiş yeni tikililərin dövlət tərəfindən təhvil alma prosesinin sürətləndirilməsinə ehtiyac var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı təkliflərdə, həmçinin 2016-cı ildən əvvəl tam istifadəyə verilmiş binaların hamısının dövlət qeydiyyatına alınması və mənzillərin elektron olaraq "kupça” ilə təmin olunması da yer alır” .
"MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun sözlərinə görə, mənzilin dövlət reyestrindən çıxarışın elektron qaydada verilməsi insanların müasir tələblərə cavab vermə şərtlərinə uyğunlaşmasına hesablanmış bir addımdır:
"Sözügedən dəyişiklikdən sonra mənzil alan insanlar "kupça” üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedib əlavə vaxt itirməyəcəklər. Dəyişikliyin ən əhəmiyyətli hissəsi odur ki, vətəndaşlarla məmurların ünsiyyəti olmayacaq və artıq subyektiv yanaşmalara son qoyulacaq. Hesab edirəm ki, digər nazirliklər və dövlət qurumları da elektron xidmətdə maraqlı olmalıdırlar”.
Şəymən