Vətəndaşlıq üçün RÜSUMUN tətbiqi yaxşıdır, amma...

Azər Allahverənov: "Onun miqdarı böyük olmamalıdır"


Beynəlxalq təcrübədə də belədir ki, vətəndaşlığa qəbul olunmaq istəyən şəxs müvafiq qaydada rüsum ödəməlidir. 

Bu sözləri Sherg.az-a "Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan vətəndaşlığına qəbul olunması üçün rüsum tələb olunacaq" yeniliyinə münasibət bildirərkən ekspert Azər Allahverənov söyləyib. 

Onun fikrincə, bəzi ölkələrdə bu rüsumun məbləği gözə görünməyəcək dərəcədə azdır: 

"İstənilən halda belə bir öhdəlik var ki, vətəndaşlığa qəbul olunmaq istəyən şəxs rüsum ödəməlidr. Bu təcrübə əksər ölkələrdə tətbiq olunur. Azərbaycan qanunvericiliyində isə bu günə qədər nəzərdə tutulmurdu. Amma indi artıq onun reallaşması istiqamətində işlər gedir".

Ekspert hesab edir ki, bu addım dövlət büdcəsindən müəyyən ehtiyat xərclərinin qarşısını ala bilər: 
"Yəni, şəxs vətəndaşlığı qəbul edərkən həmin rüsumu ödəməklə dövlət büdcəsinə öz töhvəsini vermiş olur".

A.Allaverənov onu da diqqətə çatdırıb ki, rüsumun miqdarı böyük olmamalıdır: 

"Bu rüsum o həcmdə olmalıdır ki, şəxslər həmin məbləği ödəməkdə çətinlik çəkməsinlər. Rüsumun məbləği müəyyənləşərkən Azərbaycandakı orta aylıq əmək haqqı da nəzərə alınmalıdır".

Qeyd edək ki, Xaricdə yaşayan azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün müraciət edən zaman ondan bununla bağlı qanuna müvafiq olaraq rüsum tələb olunacaq. Buna dair layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq.

Ayyət Əhməd