Aydın Quliyev: "Azərbaycan gənclərinin bu istiqamətdə fəallaşması tarixi əhəmiyyətli bir addımdır. Bu tendensiyanın daha da genişlənərək böyük bir kütləvi hərəkətə keçəcəyini istisina etmirəm”
"Saxta yollarla "siyasi dissident” adına sahiblənmiş Vidadi İsgəndərli barədə Azərbaycan gənclərinin hazırladığı bu petisiya genişlənərək çoxlarına cavab olacaq”.
Bunu "Sherg.az”a "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
Baş yazar Azərbaycan gənclərinin bu addımını müsbət qiymətləndirib:
"Avropanın müxtəlif ölkələrində, o cümlədən Fransada məskunlaşaraq tam cəzasızlıq şəraitində Azərbaycan dövlətinin simvollarını misli görünməmiş formada şüarlarla təhqir edən və bu fəaliyyətini aylarla davam etdirən bir qrup azərbaycanlıya qarşı gənclərin və cəmiyyətin aktiv formada hərəkətə keçəcəyi çoxdan gözlənilirdi. Çünki müxtəlif səbəblərdən Azərbaycandan getmiş şəxslərin Avropa ölkələrində xüsusi ilə də Fransada Vidadi İsgəndərli kimilərin ətrafına toplaşaraq onlarla birlikdə Azərbaycan dövlətinin simvollarını təhqir etməsi cəmiyyətimizə çox ağır gəlir. Azərbaycan cəmiyyətinin bu addımlara qarşı aktiv şəkildə müqavimət göstərəcəyini əvvəlcədən hiss edilirdi. Bu petisiyanın başlanması həmin hisslərin özünü doğrultduğunu göstərir.
Məsələ ondan ibarətdir ki, heç vaxt həmin şəxslərin bir çoxu Azərbaycanda təqib olunmayıblar. Lakin onların guya Azərbaycanda təqib olunduğu üçün ölkəni tərk etdərək gedib, başqa dövlətlərdə fəaliyyət göstərmələrinin heç bir məntiqi açıqlaması yoxdur. Fikrimcə, burada Fransa hökumətinin çox böyük məsuliyyəti var.
Çünki həmin şəxslər Fransa hökumətini aldadırlar və yaxud da Fransanın özünün Viddadi İsgəndərli kimi şəxslərin fəaliyyətinə marağı var. Əslində həmin adamlar normal siyasi mübarizə aparmırlar. Bu "mübarizə" bütün normal siyasi qarşıdurmanın mərhələlərini aşıb və yolverilməz, tərbiyəsiz üsullarla aparılan bir sistemə çevrilib.
Xüsusi ilə də bu cür qeyri-etik formada aparılan "mübarizə” üsullarına Azərbaycan gəncləri etiraz səsini qaldırmalı idi. Petisiyanın böyük uğur qazanacağına inanıram. Çünki Azərbaycan simvollarının xaricdəki bir qrup şəxslər tərəfindən təhqir olunması həqiqətən xoşagəlməz hadisədir. Bunun qarşısı alınmasa, dövlətimizin tarixində ləkə kimi qalacaq. Ona görə Azərbaycan gənclərinin bu istiqamətdə fəallaşması tarixi əhəmiyyətli bir addımdır. Bu tendensiyanın daha da genişlənərək böyük bir kütləvi hərəkətə keçəcəyini istisina etmirəm”.
Qeyd edək ki, Bir qrup fəal vətənpərvər gənc saxta yollarla "siyasi dissident” adına sahiblənmiş Vidadi İsgəndərli barədə Fransa dövləti və hakimiyyətinə tələb irəli sürüb, eləcə də petisiya hazırlayıb. Məlumata görə, gənclər Fransa prezidenti Emmanuel Makrona və daha 9 nəfər səlahiyyətliyə ünvanladıqları müraciətdə Vidadi İsgəndərlinin Azərbaycanda iğtişaş, terror, qeyri-sabitlik çağırışları etdiyi xatırladılır və Fransanın dövlət qurumlarından onun barəsində müvafiq ölçülərin götürülməsi tələb edilir. Həmçinin bildirilir ki, bu şəxs ölkədə olarkən, bir sıra cinayət əməlləri törədib və heç bir siyasi proseslərdə iştirak etməyib. Fransa hakimiyyəti və bu ölkənin müvafiq qurumları həmin ölkədə yaşayanın digər bir ölkədə qanunsuzluqlar törətmək çağırışlarına qarşı dərhal tədbirlər həyata keçirməlidir.
Kənan Eynuroğlu