Osman Gündüz: “Baş verən problemlərə Elektron Təhlükəsizlik Mərkəzi cavabdehdir”
Feysbukda virus mesajlara son günlər geniş yayılıb. Gün ərzində onlarla feysbuk istifadəçilərindən virus xəbərdarlığı alırıq. "Sənin uşaqlıq fotolarını tapdım, qorxma bax, virus deyil” tipli virus mesajlar açıldıqda kompüterə keçir. Sonra da həmin virus-mesaj kompüterdən digər dostlara göndərilərək onları da bu virusa yoluxdurmuş olur.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, əsas problem kompüterdə virusun yayılması yox, müvafiq dövlət qurumunun buna laqeyd yanaşmasıdır: "Azərbaycanda internet təhlükəsizliyi ilə bağlı iki istiqamət var: Dövlət və qeyri-dövlət sektoru... Bu dediyiniz məsələ qeyri-dövlət sektoru ilə bağlıdır. Qeyri-dövlət sektorunda baş verən problemlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Mərkəzi cavabdehdir.
Bu qurumun əsasnaməsində yazılıb ki, yayıla biləcək virusların profilaktikası ilə məşğul olmalı, xəbərdarlıq etməli, bu, artıq baş veribsə, onun çarəsini tapıb, vətəndaşlara məlumat verməlidir. İnternetdə virusun olması qaçılmaz bir haldır. Lakin bunun qarşısını alan, bu haqda istifadəçiləri məlumatlandıran, maarifləndirən bir qurum var və onlardan heç bir səs çıxmır, əsas problem budur”.
İstifadəçilərin bu viruslardan qorunması ilə bağlı tövsiyyələrə gəlincə, ekspert bildirib ki, ilk növbədə həmin viruslu videoları, mesajları açmaqdan imtina edilməlidir:
"İstifadəçilər özləri də bilmədən bu cür virusları aktivləşdirir, yəni hansısa bir dostunuzdan bir link alırsınız və onu aktivləşdirəndə sizin dostluğunuzda olanlara da bu cür virus yayılır. Adətən bir qədər təcrübəli istifadəçilər bunun qarşısını ala bilirlər. Mesajları açmaq, onun içindəki faylları aktivləşdirmək olmaz. Həmin qruplardan çıxmaq lazımdır.
Feysbuk hesabının şifrəsini dəyişdirmək lazımdır. Bunlar elementar təhlükəsizlik qaydalarıdır. Bu viruslar müxtəlif mahiyyətli ola bilər. Əgər virusun daşıyıcısı olan fayl kompüterə yüklənibsə, bunun üçün kompüterin antivirus proqramını aktivləşdirmək lazımdır.
Diqqətlə müşahidə edəndə bilmək olur ki, bu, virusdur. Ancaq təcrübəli olmayan istifadəçilər yeni bir linkin gəlməyini güman edərək onu aktivləşdirirlər və bu da virusun yayılmasına səbəb olur. Bunun qarşısını almaq üçün istifadəçilər diqqətli olmalıdır”.
Şəymən