“Dünya universitetlərinin cədvəlində ən yüksək reytinqli, ilk 100-lükdə olan universitetlərin məzunlarına bu imtiyazı vermək lazımdır”
Xaricdə oxumuş tələbələrə müjdə...
Onların dövlət qulluğuna qəbulu müsabiqə əsasında aparılmayacaq
“Dünya universitetlərinin cədvəlində ən yüksək reytinqli, ilk 100-lükdə olan universitetlərin məzunlarına bu imtiyazı vermək lazımdır”
“Dünya universitetlərinin cədvəlində ən yüksək reytinqli, ilk 100-lükdə olan universitetlərin məzunlarına bu imtiyazı vermək lazımdır”
Bir çox gənclərimiz təhsil almaq üçün Avropa ölkələrindəki universitetləri seçirlər. Amma çox yüksək səviyyədə təhsil alan bu gənclər bəzən ölkəmizə geri dönmək istəmir. Hazırda Azərbaycanda kifayət qədər xaricdə təhsil alıb ölkəyə dönən və işsiz qalan gənclər var. Məhz buna görə də xaricdə təhsil alan gənclərin ölkəyə qayıdıb işləməsi əsas problemlərdən biri kimi qalmaqdadır. Təəssüf ki, bir sıra şirkətlər, təşkilatlar, nazirliklər də bu gənclərin hazır, Avropa dəyərlərini qavramış kadr kimi işə cəlb edilməsində maraqlı deyil. Ona görə də bir çox gənclər təhsilini başa vurduqdan sonra Avropadan qayıtmırlar, orada iş tapıb işləyirlər.
Ancaq qanunvericiliyə edilən son dəyişiklik sözügedən problemin aradan qalxacağına dair ümidləri artırıb. Bundan sonra Azərbaycanda dövlət proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almış gənclərin dövlət qulluğuna qəbulu müsabiqə əsasında aparılmayacaq.
Dövlət İmtahan Mərkəzi də bu barədə açıqlama yayıb ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər: "Dövlət qulluğu haqqında” qanunun 28.1-ci maddəsinə əsasən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.
Yuxarıda göstərilənlərə uyğun olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.
İşlə təminat məsələsinə görə, xaricdə təhsil alan tələbələrin bir çoxunun ölkəyə qayıtmaq istəməməsi kimi faktları təsdiqləyən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimli də DİM-in müraciətinin təqdirəlayiq olduğunu deyib:
"Bu məsələ ilə bağlı qanuna dəyişiklik edilməzdən əvvəl də öz fikirlərimi bildirib, təkliflərimi vermişəm. Bildiyim qədəri ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın 33 universitetinə tələbə göndərilib. Dövlət həmin tələbələrin təhsili üçün vəsait ayırıb, indi də onların bir hissəsi işsizlikdən əziyyət çəkir. Güman edirəm ki, qanuna edilən müvafiq dəyişiklikdən sonra onların dövlət qulluğuna qəbulu müsabiqədən kənar aparılacaq. Sınaq və staj müddəti başa çatdıqdan sonra isə onlar idarə rəhbərliyi ilə müqavilə bağlayıb, daimi işə başlayacaq. 1 vakant yerə müraciət edənlər bir neçə nəfər olarsa, hansının işə qəbul edilməsi, idarə rəhbərinin verdiyi qərardan asılı olacaq. Bu zaman həmin şəxslərin sınaq müddətində gördükləri işin keyfiyyəti nəzərə alınacaq”.
Qeyd edək ki, bu qaydaların ancaq dövlət hesabına xaricdə təhsil alan tələbələrə şamil edilməsi T.Kərimlinin ürəyincə deyil. O hesab edir ki, dünyanın aparıcı universitetlərində öz hesabına təhsil alan tələbələrin işə qəbulu zamanı da bu qaydalara əməl olunmalıdır: "Eyni universiteti bitirib, eyni ixtisasa sahiblənən tələbələr arasında fərq qoymaq məncə ədalətli yanaşma deyil. Hansı ki, öz hesabına oxuyan tələbələr heç dövləti də əziyyətə salmayıb, bütün xərclərini özü çəkib”.
Təhsil eksperti Kamran Əsədov məsələyə hərtərəfli yanaşıb:
- Azərbaycan müstəqillik əldə etdikdən sonra, rəqabətə davamlı inkişaf və tərəqqi üçün dünya standartlarına cavab verən, müasir bilik və bacarıqlara sahib olan kadrlar lazım idi. Lakin ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırladığı kadr potensialı bu tələbatı ödəyə bilmirdi. Ona görə də, hökumət özünə lazım olan bilik və bacarıqlara malik şəxsləri hazırlamaq üçün xarici ölkələrə tələbə göndərilməsini təmin etdi.
Bunun üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-dən gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışırlar. Sevindirici hal ondan ibarətdir ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunub.
Məlumat üçün bildirim ki, 1 aprel 2017-ci il tarixində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Bu tələbələrin sayı ümumilikdə 134 nəfər olmaqla, 128 nəfəri 2-ci dərəcəli, 6 nəfəri isə 3-cü dərəcəli təhsil alıb. Statistik göstəricilərə nəzər saldıqda görürük ki, kifayət qədər böyük vəsait ayrılıb bu sahəyə. Ona görə də, bu şəxslərin təhsillərini başa vurduqdan sonra birbaşa ölkəyə qayıdıb işlə təmin olunması normal haldır. Çünki o şəxslər bir neçə il əvvəl bir neçə imtahan nəticələri ilə seçilib. Onların malik olduğu kompitensiyalar əvvəlcədən müəyyən olunub.
Bundan əlavə, xarici ölkələrdə dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan tələbələr dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin məzunlarıdır ki, onların da aldıqları təhsil çox yüksəkdir.
K.Əsədovun sözlərinə görə, DİM-in bu müraciəti öz vəsaiti hesabına xaricdə təhsil alan azərbaycanlı tələbələrə yox, yalnız dövlət proqramı çərçivəsində təhsil alan tələbələrə şamil edilir:
"Dövlət xətti ilə xaricdə təhsil alan gənclərin imtahansız işə götürülmələri düzgün addımdır. Amma düşünürəm ki, yalnız dünya universitetlərinin cədvəlində ən yüksək reytinqli, ilk 100-lükdə olan universitetlərin məzunlarına bu imtiyazı vermək lazımdır”.
Şəymən