Əməkhaqqı əlavələrinə və mükafatlara limit qoyulması əsaslıdır - İqtisadçı ekspert

  • “Çünki büdcədənkənar gəliri yüksək olan qurumlarda çalışanlarla yalnız büdcə vəsaiti hesabına maliyyələşən qurumların əməkdaşları arasında ciddi gəlir fərqləri yarana bilirdi"
  • “Dövlət vəsaitinin harada saxlanılmasından daha vacib məsələ onun nə qədər səmərəli xərclənməsidir”

Ölkədə dövlət maliyyəsinin idarə olunması sistemi daha mərkəzləşdirilmiş tənzimləmə mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla büdcədənkənar vəsaitlərin xərclənməsinə konkret limitlər müəyyən edilir.

Yeni qaydalara görə, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, digər dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin istifadəsi müəyyən edilmiş qaydalar və limitlərlə məhdudlaşdırılır. Həmin vəsaitlərin yalnız işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən inzibati və yardımçı vəzifə tutmayan işçilər üçün istifadə olunacaq. Qalan vəsait isə dövlət büdcəsinə köçürüləcək. Sənədə əsasən, büdcədənkənar vəsaitlər hesabına işçilərə verilən vəzifə maaşlarına əlavələr və digər ödənişlərə də konkret hədlər müəyyənləşdirilib. Maaş əlavələri hər bir işçiyə aylıq vəzifə maaşının ən çoxu bir misli qədər verilə bilər. Mükafat və digər ödənişlərin ümumi məbləği isə təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizini keçməməlidir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Sherg.az-a bildirib ki, fərmanın əsas mahiyyəti dövlət büdcəsindən maliyyələşən qurumların büdcədənkənar vəsaitlərinə nəzarətin gücləndirilməsindən ibarətdir:

“Həmin vəsaitlərin böyük hissəsinin dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulur. Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti bu qaydadan istisna edilir. Eyni zamanda büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına əlavələr və mükafatlar üçün də konkret limitlər müəyyən olunur. Bu qərarın maliyyə intizamı baxımından müsbət tərəfləri var. Çünki dövlət qurumlarının büdcədənkənar gəlirlərinin müxtəlif formada bölüşdürülməsi nəticəsində yaranan maliyyə fərqləri və nəzarət problemləri müəyyən qədər azalacaq. Büdcədənkənar vəsaitlərin formalaşma mənbələri və səbəbləri, eləcə də bu prosesdə dövlət qurumlarının məsuliyyət mexanizmləri ciddi şəkildə araşdırılmalı və şəffaf şəkildə qiymətləndirilməlidir. Büdcədənkənar gəlirin dövlət büdcəsinə qaytarılması öz-özlüyündə səmərəlilik yaratmır. Əgər qurum əvvəl əlavə gəlir hesabına müəyyən xidmətləri maliyyələşdirirdisə, indi həmin vəsait büdcəyə daxil olduqdan sonra eyni xidmətlərin maliyyələşməsi üçün yenidən büdcə vəsaiti tələb olunacaqsa, burada real qənaət yaranmaya bilər. Ona görə nəticəni sadəcə vəsaitin bir hesabdan digər hesaba keçirilməsi ilə ölçmək düzgün olmaz”.

Ekspertin sözlərinə görə, əməkhaqqı əlavələrinə və mükafatlara limit qoyulması da müəyyən qədər əsaslıdır:

“Çünki büdcədənkənar gəliri yüksək olan qurumlarda çalışanlarla yalnız büdcə vəsaiti hesabına maliyyələşən qurumların əməkdaşları arasında ciddi gəlir fərqləri yarana bilirdi. Amma bu problemin həlli bütün qurumlarda əlavə ödəniş imkanlarını məhdudlaşdırmaqdan çox, dövlət sektorunda əməkhaqqı sisteminin nəticə, məsuliyyət və məhsuldarlıq prinsipləri əsasında qurulmasını tələb edir. Məqsədli büdcə fondlarının gələcək statusuna yenidən baxılması da dövlət maliyyəsinin idarə olunmasının mərkəzləşdirilməsi baxımından mühüm addımdır. Lakin burada da ehtiyatlı yanaşmaq lazımdır. Hər bir fondun ayrıca yaradılmasının arxasında konkret iqtisadi və institusional səbəb varsa, onun sadəcə ləğv edilməsi idarəetməni avtomatik olaraq yaxşılaşdırmır. Fikrimcə, bu fərmanın ən böyük testi bundan sonra başlayır. Büdcədənkənar vəsaitlərin mərkəzləşdirilməsi prosesində ictimaiyyət əldə olunan maliyyə qənaəti, xərclərin optimallaşdırılması istiqamətləri və dövlət büdcəsinə təmin edilən əlavə iqtisadi səmərə barədə mütəmadi olaraq məlumatlandırılmalıdır. Əks halda, maliyyənin mərkəzləşdirilməsi sadəcə idarəetmə formasının dəyişməsi olaraq qalacaq. Dövlət vəsaitinin harada saxlanılmasından daha vacib məsələ onun nə qədər səmərəli xərclənməsidir”.