Elə etməliyik ki, xaricə oxumağa o insanlar getsin ki, bizdə həmin sahələr ya olmasın, ya da zəif inkişaf etsin
Parlamentin payız sessiyasının ilk iclasında "Elm haqqında” və "Təhsil haqqında” qanun layihəsi müzakirə edilib. İclasda dövlət hesabına xaricdə təhsilin bərpası təklif edilib.
Müzakirə zamanı deputat Azay Quliyev deyib ki, azərbaycanlı tələbələrin xaricdə oxuması ilə bağlı vaxtilə həyata keçirilən Dövlət Proqramı çox uğurlu olub: "Hesab edirəm ki, bu proqram davam etdirilsə, yaxşı olar. Dövlət Proqramının əsas məqsədi xaricdə təhsil alanların ölkəmizə xeyir verməsi idi. İstənilən azərbaycanlı tələbənin xaricdə təhsil alması dövlətimizin maraqlarına uyğundur”.
Dövlət Proqramı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra ölkəmizdə işlə təmin olunması prosesinin tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hazırkı təhsil sistemində proqramın yenidən bərpasına ehtiyac varmı?
Parlamentdə xaricdə təhsillə bağlı məsələnin gündəmə gəlməsi və müzakirəyə çıxarılmasının müsbət hal olduğunu deyən təhsil üzrə mütəxəssis Nadir İsrafilov "Şərq”ə deyib ki, əvvəllər Dövlət Proqramının qəbulu toplumda birmənalı qarşılanmadı. Ekspert bildirib ki, hər zaman təhsillə bağlı hansısa yenilik olanda insanlar bu yeniliyə öz prizmalarından yanaşırlar: "Gərək təhsilimizi elə səviyyəyə gətirək ki, xaricdə təhsil almağa ehtiyac olmasın. Prezidentin də xaricdə təhsillə bağlı mövqeyi belədir. Kimsə deyir ki, Dövlət Proqramının dayandırılması təhsil hüququnun pozulmasıdır. Ümumiyyətlə, Dövlət Proqramı hazırlandıqdan sonra, xaricdə təhsillə bağlı elanlar verilməyə başladı. Müxtəlif ölkələrdə təhsil almağın ucuzluğunu əsas gətirən insanlar xaricə axın edir. Xarici ölkədə təhsil almaq sanki "dəb” halını alıb”.
N.İsrafilov bildirib ki, əksər xarici ölkələrin diplomu ölkəmizdə və dünya miqyasında tanınmır. Onun sözlərinə görə, belə olduqda müəyyən problemlər yaranır və bəzən iş məhkəmələrə qədər gedib çıxır. Ona görə də xaricdə təhsil almağa bir az diqqətli yanaşmaq lazımdır: "Təhsil Nazirliyində xarici ölkələrin diplomlarının tanınması ilə bağlı şöbə yaradılıb. Lakin çalışmalıyıq ki, xaricdə təhsil almağa magistratura və doktorantura üzrə mütəxəssis göndərilsin. Bakalavr ali təhsilin birinci pilləsidir. Yəni, bu pillə üzrə elə ali məktəblərimiz var ki, onlar dünyanın aparıcı universitetləri ilə müqayisədə kadr potensialı və təchizatına görə geri qalmır. Ölkəmizdəki ali məktəbləri bakalavr təhsili almaqla yekunlaşdırmaq olar. Amma elə sahələr var ki, xaricdə təhsil almaq üçün magistratura və doktorantura üzrə tələbələr göndərmək olar”.
Təhlillər zamanı bakalavr üzrə xaricə təhsil almağa gedənlərin adətən geri qayıtmadığını deyən ekspert bunu yaş dövrü ilə əlaqələndirir: "Magistrlar və doktorantlar isə püxtələşmiş insanlardır və onların ailəsi var. Onların vətənə qayıtmaq imkanları daha çoxdur. Ümumiyyətlə, xaricdə təhsil alan tələbələr olduqda həm beyin, həm də kapital axını baş verir.
Əlbəttə ki, xaricdə təhsili inkar etmək olmaz, çünki bu, bütün dünya ölkələrində var. Hazırda təhsil üzrə ən inkişaf edən ölkələr Amerika, İngiltərə, Yaponiyadır və bu ölkələr də mübadilə məqsədi ilə xaricə tələbə göndərirlər. Çalışmalıyıq ki, universitetlərimizin nüfuzunu qaldıraq. Xaricdə təhsil almağa o insanlar getsin ki, bizdə həmin sahələr ya olmasın, ya da zəif inkişaf etsin. Elə sahələr var ki, onun üçün xaricdə təhsil almağa ehtiyac yoxdur”.
Yeganə Bayramova